Azər Salahlı: Antalya Kubokunu qazanmaq üçün Bəhreynə də qalib gəlməliyik
Azərbaycanın U-21 yığmasının kapitanı Azər Salahlı Türkiyədə təşkil olunan Antalya Kuboku çərçivəsində Albaniya üzərində qazandıqları 4:0 hesablı qələbədən sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Albanlar üzərində qələbəni necə şərh edə bilərsiniz?
- Yaxşı oyun alındı. Matça o qədər də inamlı başlamadıq. Amma sonradan komandamız açıldı və kifayət qədər baxımlı futbol sərgiləməyə başladı. İkinci hissədə isə meydanda istədiyimiz oyun getdi.
- Daha çox qol vurmağınız mümkün idi...
- Qol vəziyyətlərindən daha yaxşı yararlanmaqla bağlı problem var. İstifadə etdiyimizlə müqayisədə daha çox qol vəziyyəti yaratmışdıq. Bunun üzərində çalışmağımız lazımdır.
- İkinci hissədə meydanda futbolçular arasında kiçik münaqişə baş verdi. Həmin epizodda nə baş vermişdi?
- Rəqib ikinci hissədə kobud oynamağa başladı. Ola bilsin ki, bu, onların oyununun alınmamasından irəli gəlirdi. Bir epizodda Elnur Cəfərova qarşı kobud oyunadılar. Onun meydanda tək olmadığını isbatlamağımız lazım idi. Şükürlər olsun ki, davaya qədər getmədi. Meydanda belə hallar olur.
- Növbəti turda Bəhreyn üzərində də qələbə qazansanız, son turun nəticələrindən asılı olmayaraq, Antalya Kubokunun qalibi ola bilərsiniz...
- Bu, əla olardı. Belə ciddi turnirin qalibi olmaq fəxrdir. Amma bunun üçün hələ Bəhreynə qalib gəlmək lazımdır. Zəif komanda deyil.
- Millinin düşərgəsində olmağınız sizi "Qarabağ"ın hazırlığından kənar qoyub. Bu, sizi narahat etmir?
- Düşünmürəm. Klubumun yoxlama oyunlarında iştirak edirdim. Hətta gənclər yığmamızın toplanışında olarkən də "Qarabağ"ın sınaq matçında oynamaq imkanı qazandım.
- Bu klubdakı perspektivinizi necə qiymətləndirərdiniz? Qurban Qurbanov gənclərə şans versə də, komandada böyük rəqabət var...
- Üzərimdə çalışıram. Oynamaq istəyirəm. Başa düşürəm ki, özümdən çox şey asılıdır. Harada oynadığımı da anlayıram. Onu da başa düşürəm ki, bu klubda necə futbolçular çıxış edirlər.
- Son illərdə futbolçularımız elə ilk rəsmi müqaviləsindəcə maksimum pul qazanmaq istəyir və unudur ki, artırmaq, daha yaxşı oynamaq lazımdır...
- Ümid edirəm ki, bunun mənə aiddiyatı yoxdur. Başa düşürəm ki, əksər futbolçular belə deyirlər (gülür). Böyük pullar təbii ki, yaxşıdır. Amma mənim yaşımda olan futbolçular üçün bu, elə də vacib deyil. Orta səviyyədə maaş almaq daha yaxşıdır ki, nə az olsun, nə də çox (gülür).
