Fikrət Hüseynov: 5 klub PFL-ə olan borcunu bağlamayıb
AFFA Klublar Komitəsinin sədri, AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov jurnalistlər üçün brifinq keçirib. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.
- Klublar Komitəsinin bu dəfəki iclasında nələr müzakirə olundu?
- Dörd məsələni müzakirə etdik: klubların PFL-ə olan borcu, Premyer Liqanın yayımına görə ayrılan vəsaitin klublar arasında bölgüsü, uşaq komandaları arasında turnirin vaxtının müəyyənləşdirilməsi və U-17 yığmamızın baş məşqçisi Təbriz Həsənovun AÇ-2016 öncəsi klublarla görüşmək istəyir. Təəssüf ki, Həsənov xəstələnib və bu görüşə hələ bilməmişdi.
- Oyunların teleyayımı ilə bağlı hansı qərara gəldiniz?
- 90-95 faiz razılıq əldə olundu ki, turun oyunları üç gün ərzində keçirilsin. Hələ ki, "Qarabağ" - AZAL matçının başlama vaxtı müəyyənləşməyib. Həftənin sonunadək o da bilinəcək.
- PFL-ə olan borclarla bağlı vəziyyət nə yerdədir?
- 5 klub artıq bu problemi yoluna qoyub. Sonuncu dəfə AZAL iki gün öncə borclarını bağladı. Qalan klublar da belə razılığa gəlib ki, teleyayımdan gələcək pulla həmin borcu bağlayacaqlar.
- Borcunu ödəməyən klublar hansılardır?
- "Sumqayıt", "Neftçi", "Zirə", "Kəpəz" və "Xəzər Lənkəran". Bu klublar yaxın iki gün ərzində PFL prezidenti Ramin Musayevlə görüşərək, özləri bu problemi yoluna qoyacaqlar.
- Yeri gəlmişkən, Ramin Musayev bu görüşdə niyə iştirak etmirdi?
- Bəli, o gəlməmişdi. Əvəzində Məlik Həsənov iştirak edirdi.
