Tuyqun Nadirov: Elə bir ay olmayıb ki, futbolçularımız pulsuz qalsın
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov bu gün baş tutan Klublar Komitəsinin növbəti iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.
- Komandada vəziyyət necədir?
- Gizlətmirəm ki, maaşların verilməsində gecikmələr var. Amma "Xəzər Lənkəran" məşqlərini davam etdirir. Komandada atmosfer normaldır. Rəhbərlik əlindən gələni edir ki, uşaqlar maaşlarının müəyyən hissəsini alsınlar. Elə bir ay olmayıb ki, ümumiyyətlə pulsuz qalsınlar.
- FİFA-nın sizə tətbiq etdiyi sanksiyalarla bağlı vəziyyət nə yerdədir?
- FİFA-dakı aiddiyatı qurumlara müraciət etmişik. Mətbuatda xəbərlər dolaşır ki, borclu olduğumuz futbolçuların pulunu ödəməsək, çempionatda altı xalımız silinəcək. Amma biz hələ cavab gözləyirik. FİFA-ya da yazdığımız məktubda borcları niyə ödəyə bilmədiyimizin səbəblərini izah etmişik.
- Deyilənə görə, SOCAR-ın sizə borcu var...
- Bu, bizim baş sponsorumuza aid olan məsələdir, "Xəzər Lənkəran"a yox. Ona görə də bu barədə heç nə deyə bilmərəm.
- Mübariz Mənsimovun klubdakı vəziyyətdən xəbəri var?
- Bizdə klubun prezidenti Mais Mənsimovdur. O, həm də "Palmali"nin Azərbaycandakı nümayəndəsidir. Hazırda baş sponsorla bağlı heç bir problem yoxdur. Şirkətin bütün işləri qaydasındadır. Sadəcə, bu gün pul dövriyyəsində problem var. Bizə borclu olan şirkətlər pulu ləngidirlər. Həmin pullar da qaytarıldığında hamısı “Xəzər Lənkəran”a xərclənəcək. Çünki başqa proyektimiz yoxdur. 600 mindən çox borcumuz olsa da, bizə olan borclar 1 milyondan artıqdır. O borclar yığılsa, biz həm FİFA-nın borclarını ödəyərik, həm də futbolçuların mövsümün sonuna kimi olan maaşlarını sona qədər verərik.
- Mətbuatda o da yazılır ki, siz transferə çıxardığınız futbolçuları sərbəst buraxmaq üçün külli miqdarda pul tələb edirsiniz?
- Kimsə yazır ki, biz 100 000 tələb edirik. Bunlar gülməlidir. Belə bir şey yoxdur. Bəzi futbolçular üçün transfer qiymətləri müəyyənləşdirmişik. Amma onlar mətbuatda qeyd olunduğundan xeyli azdır.
