Qəbələnin baxışa dəvət etdiyi futbolçunun kimliyi bilindi
"Qəbələ"nin baxışa daha bir futbolçu dəvət etdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, adı açıqlanmayan həmin oyunçunun Braziliyadan gəldiyi bildirilirdi.
Artıq həmin oyunçunun kimliyi də müəyyənləşib. Söhbət 25 yaşlı Emersondan gedir. O, karyerası ərzində elə Braziliya klublarında çıxış edib. "Bahia" və "Vitoriya"nın yetirməsi olan Emersonun ilk peşəkar klubu "Keara" olub. O, bu komandanın heyətində 2011-ci ildə çempion da olub. 2012-ci ildə isə o, "Quarani"yə icarəyə verilib. Elə həmin il "Palmeyras"a keçən Emerson bir müddət bu klubun B komandasında çıxış etdikdən sonra 2013-cü ildə əsas komandada da oynamağa imkan tapıb. Son iki mövsümdə isə o, "Oeste-SP" və "Amarika-RN" klublarında icarə əsasında çıxış edib.
Qeyd edək ki, sözügedən oyunçu Ukrayna "Dnepr"i ilə ötən gün baş tutan yoxlama oyunundan öncə "Qəbələ"nin düşərgəsinə qoşulub. Amma baş məşqçi Roman Qriqorçuk onu meydana buraxmayıb. Lakin futbolçunun komanda ilə birgə Azərbaycana gəldiyi iddia olunur.
