Vüqar Mustafayev: Ukrayna favorit olsa da, biz xarakter nümayiş etdirdik
Azərbaycanın U-21 yığmasının və "Zirə"nin yarımmüdafiəçisi Vüqar Mustafayevin azerisport.az saytına müsahibəsi
- Bu qış toplanışında siz çox tez-tez məkan dəyişikliyi etməli oldunuz. Hazırlığa "Qarabağ"ın düşərgəsində başladınız, sonra "Zirə"yə icarəyə göndərildiniz. İndi də gənclərdən ibarət yığmamızın düşərgəsindəsiniz. Uyğunlaşmaqla bağlı problem yoxdur?
- Xüsusi problem yoxdur. Yığmada da birgə oynadığımız uşaqlardır. "Zirə" də tanış futbolçular çoxdur. Həm də bu komandada yaxşı atmosfer var və buna görə "Zirə"yə uyğunlaşmaq baxımından problem yoxdur.
- Antalya Kubokunda Azərbaycan millisinin Ukrayna üzərində qazandığı 2:1 hesablı qələbəni necə şərh edərdiniz?
- Ukrayna güclü rəqibdir. Çətin oyun olsa da, qələbə qazandığımıza görə şadam. Bu görüşdən qalib ayrılmağı çox istəyirdik. Buna görə də matçın sonunadək vuruşduq. Xeyli qol vəziyyəti yaratdıq. Amma hamısından yararlana bilmədik.
- Azərbaycan Ukraynaya nəyin sayəsində qalib gəldi?
- Şəxsən mən Ukraynanı favorit hesab edirdim. Amma biz xarakter nümayiş etdirdik və bunun da sayəsində qələbə qazandıq. Uşaqlar bu oyuna böyük istəklə çıxmışdılar.
- Bu turnir millimiz üçün nə dərəcədə faydalıdır?
- Qarşıda AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiya, Finlandiya və Farer adaları ilə oyunlar var. Biz bu oyunlara maksimum yaxşı hazırlaşmaq istəyirik. Bu hazırlıq yolunda belə bir turnirin təşkil olunması idealdır. Yaxşı toplanış keçə bilsək, daha çox xal toplayarıq, turnir cədvəlindəki vəziyyətimizi də yaxşılaşdırarıq.
- Azərbaycan Antalya Kubokundakı növbəti matçını Səudiyyə Ərəbistanına qarşı keçirəcək. Daha sonra isə Bəhreyn və Albaniya. Bu rəqiblər barəsində nə bilirsiniz?
- Biz bu rəqibləri tanımırıq. Amma indi zəif komanda yoxdur. Hər kəs futbol oynamağı bacarır. Heç bir rəqibi ciddiyə almamaq olmaz. Qələbə qazanmağa çalışacağıq.
- Bu turnir bitən kimi, Premyer Liqada fasilə bitəcək. İstirahətsiz sizə çətin olmayacaq ki?
- Əlbəttə, yorğunluq baxımından problem ola bilər. Amma oyun təcrübəsi baxımından bu çox önəmlidir. 1-2 tur sonra hər şey qaydasına düşəcək. Həm istirahət üçün vaxt olacaq, həm də növbəti oyunlara hazırlaşmaq üçün.
