Alaves Eddi İsrafilovu transfer etmək istəyir
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın "Eybar" klubunu tərk edə bilər. Azerisport.az xəbər verir ki, belə bir iddia ilə "La Opinion de Murcia" nəşri çıxış edib.
Sözügedən nəşrin yazdığına görə, onunla digər İspaniya klubu "Alaves" yaxından maraqlanır. Lakin tərəflər bir məsələdə razılığa gələ bilmirlər. Eddi yenidən icarə əsasında oynamaqdan imtina edir. O, "Alaves"ə yalnız bir şərtlə keçməyə razıdır ki, bu klub onun transfer hüququnu da alsın. Buna da onun müqavilə ilə məxsus olduğu "Real Mursiya" klubu razı deyil. Məsələyə yanvarın 29-na qədər aydınlıq gəlməsi gözlənilir.
Qeyd edək ki, İsrafilov "Eybar"da icarə əsasında çıxış edir. Onun bu klubla mövsümün sonunadək icarə müqaviləsi var. Amma mövsümün geridə qalan hissəsində o, bu klubda cəmi 208 dəqiqə meydanda olub. "Alaves"ə gəlincə, Sequnda liqada çıxış edən bu klub "Kordoba" ilə birgə 39 xalla liderliyi bölüşür və La Liqaya çıxmağa əsas namizədlərdən hesab olunur.
