Əsgər Abdullayev: Kəpəzə qarşı eksperimental heyətlə oynayacağıq
"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev Bakıda təşkil olunan mini turnirin qalibi olmalarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarşımızdakı vəzifə futbolçularımızı bu turnirdə yoxlamaqdan, onları çempionatın qalan hissəsinə hazırlamaqdan ibarət idi. Bu turnirin gedişində öz səhvlərimizi gördük. Hansı ki, onların üzərində çalışırıq. Əlbəttə, "Şərurspor"la son oyunda komandamızın iki qol buraxması (3:2) çox pisdir. Amma bu görüşdə əsas heyətin bir neçə üzvü meydanda yox idi. Qarşıda bizi daha bir oyun gözləyir. Amma bu turnir çərçivəsində yox, "Kəpəz"lə yoxlama görüşü olacaq. Biz bu oyunu keçirməklə bağlı razılığa gələndə hələ turnirlə bağlı söhbətlər yox idi. Komandanın yorğun olduğunu anlayıram. Amma bu görüşü keçirməliyik. Start heyətdə əvəzedici komandanın 5-6 üzvünü meydana buraxıb, onları yoxlamaq istəyirəm. Ona görə də eksperimental heyətlə oynayacağıq".
