Robert Prosineçki: Milli üzvlərinin hazırlığından razıyam
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin azerisport.az saytına müsahibəsi
- Azərbaycan və Ukraynanın gənclərdən ibarət yığmaları arasında keçirilmiş oyunla (2:1) bağlı nə deyə bilərsiniz?
- Maraqlı oyun izlədik. Komandadan razı qaldım. Məni ən çox sevindirən Namiq Ələsgərovun uzun müddətli zədədən sonra meydana qayıtması və yaxşı futbol sərgiləməsi oldu. Rəqibi yaxşı tanıyıram. Bu üzdən də yığmamızın sərgilədiyi oyuna və qazandığı nəticəyə sevinmək olar.
- Namiqin "Qarabağ"ı "Kəpəz"ə dəyişməsini necə qarşıladınız?
- O, ağıllı oğlandı. Namiqə daha çox oynaya biləcəyi, forma toplayacağı komanda lazımdır. Onu dəstəkləyirəm. Ukrayna ilə oyunda öz çıxışı ilə bir daha göstərdi ki, Azərbaycanın ən yaxşı futbolçularından biridir. Onun Maltaya qarşı Bakıda keçirilən oyundakı çıxışını da unutmuruq. O, həmin görüşdə də yaxşı çıxış etmişdi. Amma təəssüf ki, zədələnmişdi.
- Artıq bir neçə gündür Antalyadasınız. Klubların təlim-məşq toplanışı barədə nə deyə bilərsiniz?
- Klubların hazırlaşma şəraiti yaxşıdır. Burada yaxşı rəqiblər tapmaq da asandır. Maraqlı oyunlar olur. "Qəbələ" və "Qarabağ" uğurlu çıxış edir. "İnter", "Sumqayıt" və "Zirə" də maraqlı oyunlar keçirib.
- Digər klubların xaricdə təlim-məşq toplanışı keçməyə vəsait tapa bilməməsini necə qarşıladınız?
- Əlbəttə, Antalyada hazırlıq keçmək daha yaxşıdır. Bakıda qalan komandalar da mini turnirdə iştirak edirlər. Köməkçilərim həmin oyunları da izləyirlər və mənə məruzə edirlər. Bütün klubların hazırlığı ilə bağlı yetərincə məlumatım var. Ola bilər ki, Bakıda buradakı kimi yaxşı hava şəraiti yoxdur. Amma Türkiyəyə gəlmək imkanı yoxdursa, vətəndə hazırlıq keçməyə məcbursan.
- Azərbaycan yığmasının oyunçuları barədə nə deyə bilərsiniz?
- Məşqlərdə və oyunlarda gördüklərimdən razıyam. Martda bizi burada toplanış, eləcə də Qazaxıstanla yoxlama oyunu gözləyir. Maraqlı oyun olmalıdır. Ona qədər Premyer Liqada da bir neçə tur oynanılacaq. Ümid edirəm ki, həmin vaxta qədər futbolçular özlərini daha yaxşı hiss edəcəklər. Üstəlik, bir həftə öncə Münhen "Bavariya"sına yoxlama oyununda qol vuran Dmitri Nazarov var. Eddi İsrafilov "Eybar"da yaxşı forma toplamağa başlayıb. Kamran Ağayev "İnter"ə qayıdıb. Artıq xaricdəki futbolçularımızın sayı elə də çox deyil. Bütövlükdə, yığma üzvlərindən razı olduğumu deyə bilərəm.
- Azərbaycan futbolundakı maliyyə çətinlikləri sizi narahat edir?
- Mən bu suala necə cavab verə bilərəm? Maliyyə məsələlərinə mən baxmıram. Ümid edirəm ki, klubların böyük problemləri olmaz və tezliklə hər şey qaydasına düşər.
