Yalnız iki klub PFL-ə olan borcun bir hissəsini ödəyib
15 gün öncə AFFA İntizam Komitəsi "Qarabağ" istisna olmaqla Premyer Liqanın qalan bütün klublarının Peşəkar Futbol Liqasına olan borclarına görə, onlara transfer qadağası qoymuşdu. Azerisport.az xəbər verir ki, elita təmsilçilərindən indiyə qədər yalnız ikisi həmin borcları ödəmək yolunda ciddi addım atıb.
PFL-in mətbuat xidmətindən aldığımız məlumata görə, "Qəbələ" borcun 70, "İnter" isə 50 faizini bağlayıb. Qalan 7 klub - "Zirə", "Kəpəz", "Neftçi", AZAL, "Sumayıt", "Rəvan" və "Xəzər Lənkəran" isə heç bir manat da ödəməyib.
Qeyd edək ki, bunun üçün klublara yanvarın 29-na qədər vaxt qoyulub. Borclar ödənilməyəcəyi halda, PFL klubların yeni transferlərini qeydiyyata almayacaq. Belə olan halda klublar mövsümün qalan hissəsində nə yeni transferlərinin, nə də heyətlərində yer alan legionerlərin xidmətindən yararlana biləcək.
