Orxan Sadıqlı: Türkiyədən ciddi təklif alsam da, imtina etdim
"Xəzər Lənkəran"ın sabiq qapıçısı Orxan Sadıqlının azerisport.az saytına müsahibəsi
- Sizi "Rəvan"a keçməyiniz münsibətilə təbrik etmək olar?
- Üç klubla danışıq aparırdım. Onlardan biri də "Rəvan"dır. Hələ bütün məsələlərdə razılığa gəlməmişik. Bu komandaya keçməmişəm. Bu həftə hər şeyə aydınlıq gəlməsi gözlənilir. "Rəvan"a da keçə bilərəm, başqa kluba da.
- Mümkün variantlar arasında "Zirə" və "Qarabağ"ın da adı çəkilirdi...
- Müəyyən səbəblərdən razılığa gələ bilmədik. Burada həm maliyyə, həm də sabit oynamaq amili var idi.
- Bəs əcnəbi klublardan təklif yoxdur?
- Türkiyə birinci divizionundan ciddi təklif var idi. Amma bu komandanın çempionatda sonuncu yerdə getdiyini nəzərə alsaq, imtina etməli oldum (Qeyd edək ki, PTT 1-ci liqada sonuncu pillədə qərarlaşan komanda "Karşıyaka"dır -red.). Üstəlik, onların maliyyə problemləri də mövcuddur.
- "Xəzər Lənkəran"ın bir neçə futbolçunu heyətdən uzaqlaşdırmasını necə qarşıladınız?
- Məncə, bu məsələ ilə bağlı tezliklə yekun qərar açıqlanacaq. Ondan sonra mən də öz sözümü deyəcəyəm.
- Sizcə, "Xəzər Lənkəran"ı ilk tərk edənlərdən olan Rahid Əmirquliyev "Qarabağ"da özünü göstərə biləcək?
- Rahidlə beş il birgə oynamışam və onu yaxşı tanıyıram. Onun barəsində ancaq xoş sözlər söyləyə bilərəm. Rahid təkcə Azərbaycan yox, başqa ölkə klublarında da oynaya bilər. "Qarabağ" onun üçün ən yaxşı variantlardan biri idi. Ona Ağdam klubunda uğurlar arzulayıram.
- Siz qalsaydınız, "Xəzər Lənkəran"ın lideri və kapitanı ola bilərdiniz...
- Mənim belə bir iddiam yox idi. Əsas "Xəzər Lənkəran"ın yaxşı oynamasıdır.
