Muarem Muarem: Toplanışı belə başa vurmağı çox istərdik
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi
- Mövsümün qalan hissəsinə hazırlıq necə gedir?
- Hazırlığımız plana uyğun davam edir. Komandada zədəli yoxdur. Hamı məşqlərdə iştirak edir. Toplanışı belə başa vurmağımızı çox istərdik.
- "Qarabağ" iki yoxlama oyunu keçirib, hər ikisində də qələbə qazanıb...
- Bu oyunlar digərlərindən fərqlənir. Bəzən təlim-məşq toplanışlarında güclü rəqiblərlə qarşılaşırıq ki, bu da komandaya böyük fayda verir. Çempionatın bərpasına qədər optimal forma yığmaq lazımdır.
- Ötən gün qarşılaşdığınız Macarıstan "Diosqyor"una qarşı oyunla (4:0) bağlı nə deyərdiniz?
- Çox yaxşı oynadıq. Amma düzünü desək, komandamız hələ tam hazır deyil. Qol vəziyyətləri yaratdıq, onların hamısından yararlanmağa çalışdıq. Yəqin ki, buna görə 4 qol vurmağımız mümkün oldu. Allah eləsin ki, çempionat oyunlarında da belə çıxış edək.
- Qollardan birinin müəllifi siz oldunuz. Qayıdışınızdan sonra vurduğunuz ilk qol sizin üçün nə dərəcədə əhəmiyyətli idi?
- Qol vursam da, bu, mənim üçün xüsusi əhəmiyyət kəsb etmirdi. Üzərimdə daha çox çalışmağım lazımdır ki, daha çox oynayım, qol vurum.
- Qol vurduğunuzu da nəzərə alsaq, yəqin ki, yenidən əsas heyət üzvü olacaqsınız...
- Komandada atmosfer yaxşıdır. Hər kəs oynamaq istəyir. Bu rəqabət "Qarabağ"a çox kömək edəcək. Mən də hər bir komanda yoldaşım kimi öz üzərimdə çox çalışıram. Amma əsas heyətdə kimin oynayacağına baş məşqçi qərar verir.
- Vaxtilə qoyub getdiyiniz "Qarabağ"la indikini müqayisə edə bilərsiniz?
- "Qarabağ" olduğu kimi qalmaqdadır: klub yenə dəqiq proqram və plan üzrə hazırlaşır. Bundan sonra da belə olacaq. Hər il komanda daha da yaxşı oynamağa başlayır. Allah eləsin ki, bu mövsüm də çempion olaq, ölkə kubokunu qazanaq. Daha sonra isə avrokuboklarda mübarizə aparaq.
