Çingiz Abdullayev: Xarici oyunçular almaq istəsək də, problemlər yaşayırıq
Azerisport.az sizi "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin müsahibəsi ilə tanış edir.
- Çingiz müəllim ötən ili necə qiymətləndirirsiz? Sizin üçün necə il oldu?
- Mənim üçün çox uğurlu il oldu. Düzdür, manat iki dəfə devalvasiyaya uğrayıb, bu da işlərimizi bir qədər qəlizləşdirib. Bu il beynəlxalq mükafat (MDB ölkələrinin ulduzu) aldım, “Neftçi”yə gəldim. Sonra da Qara dəniz və Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı Beynəlxalq Fondunun Prezidenti oldum. Mənim əsərim əsasında rejissor Yavər Rzayev çəkdiyi filmin çəkilişləri bitdi, martda təqdimatı olacaq. Yəni şəxsi mənada pis il olmadı, amma təbii mən azərbaycanlıyam, bu baxımdan deyə bilmərəm ki, müsbət il oldu. Bir məsələ də var; bu böhran təkcə bizə aid deyil, bütün dünyaya aiddir. Bunu da çox yaxşı başa düşürəm.
- Ötən il “Neftçi”nin Müşahidə Şurasının sədri seçildiniz. “Neftçi”də nə yeniliklər eləmisiniz?
- Mən gələn kimi qərara gəldik ki, birinci növbədə cavan futbolçular yetişdirməliyik. Çünki “Neftçi” Azərbaycanın brendidir və bu brendin adı altında daha çox azərbaycanlılar oynamalıdır. Mən gələndə “Neftçi”dən bir nəfər də milli komandada da oynamırdı, indi doqquz nəfər oynayır. Amma çətinliklər də var. Biz xarici oyunçular almaq istəsək də, problemlər yaşayırıq, onlara maaş dollarla ödənilməlidir.
- Məhsuldar yazıçı olmaqla yanaşı beynəlxalq təşkilatlarda təmsil olunursuz, AYB-də katibsiz. Üstəlik ötən il “Neftçi”yə prezident gəldiniz. Bu ehtiyac haradan yarandı?
- Mənə təklif elədilər, qəbul elədim. Bəlkə o biri klublar təklif etsəydilər qəbul etməzdim, amma “Neftçi” bizim rəmzimizdir, buna görə də təklifi geri çevirmək olmazdı. İstəyirəm bir misal gətirim. Bu əlimdəki sənəd Real Madridin “Annual Report”udur, klubun prezidenti mənə məktubla bir yerdə göndərib. İndi mən ona məktub yazacam, məktuba da ispan və fransız dillərində olan kitablarımı əlavə edəcəm.
- Sizin əsərlərinizi oxuyub, bilmirsiz?
- Onu bilmirəm. Sözümü nəyə gətirirəm? Mən hesab edirəm ki, öz nüfuzumla “Neftçi”yə kömək edə bilərəm. Buna görə razılıq verdim.
- Bəs yazıçı kimi vaxtınıza heyfiniz gəlmədi?
- Mən uşaqlıqdan futbolu sevirəm. Məndən çox adam soruşur ki, sənin futbola getməyə vaxtın var? Nəinki futbola, hətta məşqlərə də gedirəm.
- Məşqlərdə iştirak edirsiniz.
- Nəinki məşqlərdə, keçən il iki dəfə Avstriya və Türkiyədə komandanın toplanışı olub, ikisinə də getmişəm.
- Futbolla əlaqədar beynəlxalq tədbirlərdə, görüşlərdə yazıçı Çingiz Abdullayevi görəndə təəccüblənirləmi?
- Yox. Adətən klub prezidentləri məşhur adamlar olur. Məşqçi olsaydım, təəccüblənərdilər, mən axı Müşahidə Şurasının sədriyəm. (Kulis)
