Neftçidən qovulan məşqçi: Mərc oyunlarında iştirak etməmişəm
"Neftçi"dən qovulan uşaq qapıçılarla işləyən məşqçi Hüseyn Məhəmmədov müqaviləyə xitam verilməsinin səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib: "Mübariz müəllim (Xudiyevi nəzərdə tutur - red.) məni çağırdı ki, sənin mərc oyunları məntəqəsində şəklin var. Həmin şəkil il yarım bundan əvvəl çəkilib. Sübut etdim ki, həmin şəkil köhnədir. Digər tərəfdən şəkil sübut etmir ki, mərc oyunlarında oynamışam. Bununla belə müqaviləyə xitam verməyi üstün tutdular. Mən ömrümün böyük hissəsini bu kluba vermişəm. "Neftçi" xalqın komandasıdır. Biz o klubda olmuşuq və varıq. Mən hər zaman fəxr etmişəm ki, "Neftçi"də çalışıram. Çətin dönəmdə bu klubun şərəfini qorumuşam. Hər zaman sevinmişəm ki, bu klubun formasını geyinirəm. İndi isə mənə qarşı belə addım atırlar. Bu, düzgün deyil".
Hüseyn Məhəmmədov eyni zamanda bildirdi ki, heç vaxt mərc oyunlarında iştirak etməyib: "Peşəkar klubla müqavilədə bənd var. Orada içki içmək, intizamı pozmaq və eyni zamanda mərc oyunlarında iştirak etmək qadağan olunur. Sizcə, mən bunu bilmirəm? Əlbəttə, xəbərim var. Heç vaxt müqavilənin şərtlərini pozmaram. Mərc oyunlarında iştirak etməmişəm. Mən məşqçiyəm, müəllim işləyirəm. Ölkədə az-çox azarkeşim var. Məni tanıyırlar. Heç vaxt mərc oyunlarında olmamışam, olmaram da. Buna nə vaxtım olub, nə ehtiyacım. Həftənin 7 günü dərc keçirəm. Öz işimlə məşğulam. İstərdim ki, məni tanıyanlar bilsin ki, bu düzgün məlumat deyil. Hüseyn Məhəmmədov mərc oyunlarında iştirak etmir".
"Neftçi"nin sabiq qapıçısı mərc oyunlarında iştirak etməsə də, Topaz məntəqələrinə getdiyini etiraf etdi: "İşsiz olduğum dönəmdə dostlarla mərc oyunlarına pul qoyuluşu qəbul olunan məntəqələrə getmişəm. Orada həm də çay təklif olunur. Çay içmişik, söhbət etmişik. Amma oyunlara pul qoyuluşunda iştirak etməmişəm. Bilirəm ki, bunun böyük məsuliyyəti var. Mənim heç nəyə ehtiyacım yoxdur. Yalnız öz sevimli işimlə məşğul olmaq istəyirəm. Mənə qarşı atılan addıma anlaşılmazlıq səbəb olub. Oynamadığım halda yalandan heç bir şeyi üzərimə götürmək fikrində deyiləm. Nə olsa belə, "Neftçi" bizim sevimli komandamızdır. Biz həmişə o komandada olmuşuq. Ürəyimiz o klubladır. Orada qazandığım hər bir uğur həyatımın bir hissəsidir".
