İqor Tarasov: Təklif olsa, Azərbaycana qayıtmağa hazıram
"Simurq"un sabiq yarımmüdafiəçisi İqor Tarasovun azerisport.az saytına müsahibəsi
- Azərbaycan çempionatında çıxış etdikdən sonra güclü komandaya keçən təsadüfi futbolçulardan birisiniz. Polşa "Yagelloniya"sında işləriniz necə gedir?
- Polşa futbolu xoşuma gəlir. Burada maraqlı oyunlar olur. Güclü futbolçular da çoxdur. Azarkeşlərin və televiziyaların futbola böyük marağı var. Ona görə də bu çempionatda oynamaq mənim üçün çox maraqlıdır.
- Azərbaycan və Polşa çempionatını müqayisə edə bilərsiniz?
- Bunu etmək çox çətindir. Polşa çempionatında da Azərbaycandakı kimi güclü oyunçular çoxdur.
- Azərbaycandan ayrılandan sonra klublarımızın heç birindən təklif almadınız?
- Xeyr, "Simurq"dan ayrıldıqdan sonra mənimlə ölkənizdən heç bir klub maraqlanmadı.
- Azərbaycandan ayrılıb, Polşaya getdiniz. Bəs sizcə, azərbaycanlı futbolçular niyə daha güclü çempionatlara gedə bilmirlər?
- Polşada oynaya biləcək azərbaycanlı uşaqlar çoxdur. Amma bunun dəqiq səbəbini mən bilmirəm. Ola bilsin ki, azərbaycanlılar sadəcə, özləri xaricə getmək istəmirlər. Menecerlərlə də bağlı ola bilər. Bir məqam da var: Polşa klublarında böyük pullar yoxdur. Azərbaycan klublarında isə maddi vəziyyət çox yaxşıdır. Ola bilsin ki, buna görə heç kim daha yaxşı qazanc yerini qoyub, kənara getmək istəmir.
- "Simurq"dakı karyeranızı xatırlayırsınız?
- Bu komandada çıxış etdiyim günlərlə bağlı yalnız xoş sözlər söyləyə bilərəm. Çoxlu maraqlı insanla tanış oldum. Onların bəzisi ilə indi də dostluq edirəm. "Simurq" mənim ilk xarici klubumolub.
- Təsadüfən, onların sizə də borcu yox idi?
- Xeyr, mənə olan bütün borclarını ödəmişdilər. Klubda mənə hörmətlə yanaşırdılar.
- "Simurq"un fəaliyyətini dayandırdığından da xəbəriniz var?
- Bəli, çox təəssüf ki, o cür iddialı klub artıq yoxdur.
- Azərbaycana qayıtmaq istəyərdiniz?
- Bəli. Təklif olsa, Azərbaycana gəlməyə hazıram.
