Roman Qriqorçuk: Daha bir legioner futbolçu almaq istəyirik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi
- Türkiyə toplanışı davam edir?
- Yaxşı şərtlər altında çalışırıq. Hava şəraiti də yaxşıdır. Ruslan Abışov istisna olmaqla qalan hər kəs sıradadır. O, hazırda Almaniyada müalicə alır və toplanışın sonunadək düşərgəyə qayıda bilməyəcək. Ruslanın komandaya Qəbələdə qoşulması gözlənilir. Rəşad Eyyubovla müqavilə imzalamışıq. Pavel Paşayevi də baxışa dəvət etmişik.
- Paşayev barədə ilkin fikirləriniz necədir?
- Bizim üçün yeni futbolçudur. Onun barəsində yalnız toplanışın sonunda qərar verə bilərik. Daha bir neçə gün onu baxışdan keçirmək istəyirəm.
- Yeni transferlər olacaq?
- Daha bir hücumameylli futbolçu ilə güclənmək istəyirik.
- Yerli futbol bazarındakı sükutu nəzərə alsaq, yəqin ki, əcnəbi futbolçu alacaqsınız...
- Bəli, əcnəbi futbolçu dəvət etməyi planlaşdırırıq. Amma alacağımız futbolçuya tam əmin olmalıyıq. Elə belə kimisə dəvət etməyəcəyik. Qışda yaxşı futbolçu tapmaq çox çətindir.
- "Qəbələ"də maliyyə durumu necədir?
- Bizdə maliyyə məsələləri ilə rəhbərlik məşğul olur. Mənim öz öhdəliklərim var.
- Rəhbərlik sizə qənaət etməklə bağlı fikir bildirməyib?
- Belə söhbətimiz olmayıb. Hətta olsa da, mən də, futbolçular da hansı zəmanədə yaşadığımızı yaxşı bilirik. Müxtəlif maliyyə çətinliklərinə hazırıq.
- Sizə elə gəlmir ki, ciddi maliyyə problemləri ilə üzləşən klublar çox olduğundan, Premyer Liqada iddialıların sayı daha da azalacaq?
- Bu vəziyyəti müzakirə edə bilmərəm. Futbolçuların hamısı komandasında qalıb. Bütün oyunçular öz klublarında qalıbsa, ciddi nə dəyişə bilər ki? Meydana çıxacaqlarsa, deməli, oynayacaqlar. Çətin ki, onlar meydanda olarkən kiminsə az və ya çox almasını düşünsünlər.
