Sumqayıt özünə daha bir rəqib tapdı
Dünən ilk yoxlama oyununda Qazaxıstanın “Akjayık” klubunu məğlubiyyətə uğradan “Sumqayıt” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, sözügedən komanda bu gün qonşu ölkədə növbəti məşqini keçirib.
Baş məşqçi Samir Abasovun rəhbərliyi altında komanda daha çox taktiki və texniki çalışmalar üzərində işləyib. Sonda kollektiv ikitərəfli oyunla məşqi tamamlayıb.
Bu arada, komandanın Türkiyədəki daha bir rəqibi müəyyənləşib. Belə ki, “Sumqayıt” yanvarın 21-də İranın “Sepehan” klubu ilə yoxlama matçında qüvvəsini sınayacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
“Sumqayıt” “Sepehan”dan başqa növbəti yoxlama oyunlarını xəbər verdiyimiz kimi, Rumıniya yüksək liqa klublarına qarşı keçirəcək. Abasovun komandası yanvarın 20-də “Voluntari”, 22-də isə 4 dəfə ölkə çempionu olmuş “Petrolul”la üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. (klub saytı)
