İlqar Qurbanov: Çempionat qış fasiləsindən sonra daha maraqlı olacaq
"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanovun azerisport.az saytına müsahibəsi
- Türkiyə toplanışıniz necə keçir?
- Hər şey normaldır, heç bir problemimiz yoxdur. Hava da yaxşıdır, plana uyğun məşq edirik, hazırlaşırıq.
- Artıq bir yoxlama oyunu keçirmisiniz. Almaniya "Rot Vayss"ı (Essen) üzərində qazandığınız 1:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Yeni ildə ilk oyunumuz idi. Qələbə qazanmağımız xoş oldu. Amma bu toplanışda əsas məqsədimiz qələbə qazanmaq yox, yaxşı forma toplamaqdır. Burada keçirdiyimiz oyunların nəticəsi ikinci plandadır.
- Yəqin ki, bu oyun "Qarabağ"ın zəif cəhətlərini göstərdi...
- Futbolçuların hamısı yaxşı formada olmağa çalışır. Ona görə də həm məşqlərdə, həm də oyunlarda bütün gücümüzü qoymağa çalışırıq.
- Yeganə qolu Çumbinyo vurdu. Deyəsən, braziliyalı futbolçu tədricən özünə gəlir...
- O, yüksək səviyyəli futbolçudur. Bu toplanış onun da yaxşı forma yığmasına kömək edəcək. Vurduğu gözəl qol da komandamızın hər bir üzvünü çox sevindirdi.
- Reynaldonun meydanda olmaması hiss olunur?
- Azərbaycanda hər bir müdafiəçi Reynaldodan ehtiyatlanır. Buna görə onun sıraya dönməsi bizim üçün çox vacibdir. Şadıq ki, komandanın düşərgəsinə qayıdıb, məşqlərə başlayıb. Tezliklə meydana da çıxacağına ümid edirik.
- "Qarabağ" Muarem Muaremi də qaytardı. Onun gəlişi komandaya nə verəcək?
- Muarem çox yaxşı futbolçudur. Komandaya həmişə köməyi dəyib və yaxşı oyun göstərməyə çalışıb. Ümid edirəm ki, bundan sonra da əvvəlki qədər faydalı olacaq.
- Yəqin ki, klublarımızın üzləşdiyi problemlərdən xəbəriniz var. "Qarabağ"ın belə bir şəraitdə cari mövsümü asanlıqla çempion kimi başa vuracağını gözləmək olar?
- Qış fasiləsindən sonra çempionatın zəif keçəcəyinə inanmıram. Mənə elə gəlir ki, bir qədər daha maraqlı çempion izləyəcəyik.
