Rüfət Dadaşov: Əvvəlki dövrlərlə müqayisədə indi daha yaxşı formadayam
Azərbaycan yığmasının sabiq hücumçusu, hazırda Almaniyanın "Germaniya" klubunda çıxış edən Rüfət Dadaşovun azerisport.az saytına müsahibəsi
- "Germaniya"da işləriniz necə gedir?
- Hər şey qaydasındadır. Yaxşı oynayıram, komandama kömək etməyə çalışıram. Bunu oyunlarımıza baxan hər kəs təsdiqləyir. Bu tempdə də davam etmək istəyirəm.
- Bu transfer pəncərəsində başqa klublardan təklif almamısınız?
- Mənim hələ "Germaniya" ilə müqaviləm var. Odur ki, hətta istəsəm də, heç bir yerə gedə bilmərəm. Bu üzdən də indi təklif almaq o qədər də vacib deyil. Əsas odur ki, geridə qalan yarım ildə sabit çıxış etdim. Mövsüm başa çatandan sonra isə karyeramı harada davam etdirəcəyimi düşünməyə vaxtım olacaq.
- Azərbaycan futbolunu, çempionatını izləyirsiniz?
- Sadəcə, avrokuboklarda çıxış edən klubların oyunlarını izləyirdim. Amma çempionat barədə ətraflı məlumatım yoxdur. Çünki Azərbaycan Premyer Liqasında heç vaxt oynamamışam.
- Özünüzü yığma komandamıza qayıtmağa hazır sayırsınız?
- Bəli, hazıram. İndi əvvəlkindən də yaxşı formadayam. Yığmaya böyük faydam dəyə bilər. Bunu da sadəcə, klubumdakı sabit çıxışımla əlaqələndirərdim.
- Elə isə, baş məşqçi Robert Prosineçkinin sizə dəvət göndərməməsini nə ilə əlaqələndirərdiniz?
- Bunun nə ilə bağlı olduğunu deyə bilmərəm. Amma bir halda ki, belə qərar qəbul edib, deməli, elə lazımdır. Aydın məsələdir ki, yığma komandaya hansı futbolçuların daha çox lazım olduğuna baş məşqçi qərar verir. Yenidən dəvət alsam, buna ancaq sevinə bilərəm. Yığmaya yenidən kömək etməyə çalışaram.
- Azərbaycan yığmasının Almaniyada çıxış edən futbolçuları - Dmitri Nazarov və Toğrul Eratla söhbətləşirsiniz?
- Nazarovla yox, amma Eratla arabir yazışırıq, söhbət edirik.
