Elbrus Məmmədov da XL-dən getdi, futbolçular bütün həqiqətləri açıqladılar
"Xəzər Lənkəran"ın bu gün iki futbolçusunu qovduğuna, daha üç oyunçunu isə transferə çıxardığı barədə rəsmi məlumat yaydığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, buna səbəb onların məşqlərə qatılmaqdan imtina etməsi səbəb olub.
Hazırda cənub klubunda qeyri-müəyyənlikdir. Əməkdaşlar maaş almaq ümidində işə çıxır, futbolçular məşqlərə qatılmaqdan imtina edir, klub rəhbərliyinin isə gündən-günə çoxalan problemləri həll etməyə maddi imkanı yoxdur. Bu arada “Xəzər Lənkəran”ın məşqlərə qatılmayan bir neçə futbolçusu bu vəziyyətlə bağlı fikirlərini açıqlayıb. Amma futbolçularla söhbətdə anonimlik qorunduğuna görə, onların adları açıqlanmır:
- Biz Lənkəran futbolunun yetirmələriyik. Nə Lənkərana, nə sevimli azarkeşlərimizə, nə də klubun özünə arxa çevirmək fikrindəyik. Məsələ heç də ilk baxışdan göründüyü kimi deyil. Pul davası da etmirik, istəyimiz minimum yaşamaq üçün lazım olanı əldə etməkdir. Axı bu aylar ərzində pulsuz-parasız meydanda can qoyurduq. Demirik ki, bütün məbləğ ödənilsin, demirik ki, hamısını verin və ya birdən ödəyin. Hamısı heç lazım da deyil, halal xoşları. Deyirik ki, az miqdarda da olsa verin ki, yaşamağa yetsin. Yox əgər pul yoxdursa, başa düşürük, 6-7 ay oynadıq, pul almadıq ki? Qurban olsun Lənkərana, qurban olsun bölgəmizə və qurban olsun kluba ki, bizə futbolun sirrlərini öyrədib. Halal edirik zəhmətimizi. Halal edirik maaşsız çıxıb meydanda döyüşdüyümz oyunları və oyunlarda aldığımız zədələri, tökdüyümüz təri. Amma qarşı tərəf də halallıq etsin. Versinlər kağızımızı, gedək başımıza çarə qılaq da. Nə kağız verilir, nə maaş verilir, nə də konkret iş görülür. Ancaq deyilir ki, gəlin məşq edin, düzələr. Ay kişi, məşq etmək üçün gərək bir tikə nəsə yeyək də, bizdə can qalıb ki, məşq edək? Pulumuz var ki, gedib bir tikə ətdən, çörəkdən alıb yeyək?
- Bəli, barəmizdə yanlış informasiyaların yayılmasını istəmirik. Arxada qalan ayların maaşını halal edirik. Heç olmasa, üç ayın maaşını versinlər və Elbrus Məmmədovu qaytarsınlar, onda məşqlərdə iştirak edərik. Bilirsiniz, məsələ ondadır ki, bizi daim aldadıblar. Bəlkə də bir müddət əvvəl hamımızı toplayıb desəydilər ki, pul olmayacaq, bu başqa şey olardı. Yoxsa hər dəfə bizi aldadırdılar. Hər oyundan qabaq “sabah, ya da həftə sonu pullar veriləcək” deyirdilər. Bir neçə ay idi ki, eyni hal təkrarlanırdı. Gəlib soyunub geyinmə otağına girməyə də üzləri yox idi. Oyunda can qoyurduq, pul verilməsə də, elə çıxış edirdik ki, elə bir ölümə gedirik. Uduzurduqsa, bu o demək deyil ki, udmaq istəmirdik. Bacardığımızı kişi kimi edirdik. Biz el-obamızı, bu bölgənin insanlarını, bölgənin futbolunu klub rəhbərliyindən az sevmirik, bunu onlar özləri də yaxşı bilirlər. Biz o yaşda da deyilik ki, hər yalana inanaq, əgər bu qədər vaxtı dözmüşüksə, bunu azarkeşlərimizə xatir etmişik. Biz aldatmalarına, hər dəfə təkrarlanan yalanlara etiraz edirik. Söz qoymuşuq ki, şərtlərimiz yerinə yetirilənə qədər özümüz üçün ayrıca məşq edək. Məşqlərimizdən də foto və video çəkib hamıyla paylaşacağıq.
- Fikir verin, heç birimiz pul davası etmirik. Niyə? Çünki gözümüzdə Lənkəran camaatı dayanır. Biz bu insanlardanıq, əti dırnaqdan ayırmaq olar? Həm də bu klubun yetirmələriyik. Bunu unuda bilmərik, halal çörəyə bizi valideynlərimiz alışdırıb. Valideynlərimiz onu da öyrədiblər ki, təmkinli olaq, müəllimlərimizə hörmət bəsləyək. Elə biz də son ayları bu nəsihətlərə əməl edirik, klubumuzun rəhbərliyinin üzünə ağ olmuruq, zəhmətini də danmırıq, dözürük. Bəzən bilirik ki, aldadırlar, yalan danışırlar, amma yenə də Lənkərana xatir, o tribunalarda gördüyümüz azarkeşlərə xatir çıxıb bacardığımız futbolu oynayırdıq. Hamımız kasıb balalarıyıq. Özü də legionerlər kimi külli miqdarda maaş almırdıq. Əsas heyətdə çıxış edən klubun bütün yetirmələrinin maaşlarını üst-üstə toplasan bir legionerin aylıq maaşından çox olmaz. Bəs biz necə olur ki, pul hərisi oluruq? Vallah, billah biz çoxunu istəmirik, fikir verin çoxumuzun yaşı da 20-dən keçib. Ailəmizə çörək aparmalıyıq, ümumi vəziyyəti də hamımız bilirik. Maddi imkanı olub klubla pul davası edəni Allah zəlil etsin! Bizdən xəbərsiz maaşlarımızı da azaltdılar, dinmədik. Özləri bizə demirlər, ordan-burdan xəbərlər gəlir ki, maaşlarımız azalıb. Heç azalanı da vermirlər. Qoy səsimizi hamı eşitsin, məşqdən imtina etməyimizdən qoy Mübariz Mənsimovun da xəbəri olsun!
- Bir ipin iki ucu var. Ya o ucdadır, həqiqət ya da bu ucda. Tutaq ki, pulları yoxdur, başa düşdük, Allah kömək olsun. Pulları olanda Lənkəran üçün xeyli iş görüblər, bu danılmazdır. Üstəlik, biz də bu klubun yetirmələriyik. Hər şeyə ədalətlə, şəriətlə yanaşaq da. İndi yoxdur pulları, biz də 6-7 ay maaşımızı halal edirik, ana südü kimi halal olsun. Versinlər kağızımızı, siz sağ, biz salamat. Məgər, bu mümkünsüz işdir? Ay azarkeş, deyin görək biz səhvik? Elə edək ki, Allaha da xoş getsin, bəndəyə də.
- Bizim üçün xəbər göndərirlər ki, “sənədlərinizi vermirik, özü də sizi süründürəcəyik. Futbola həsrət qoyacağıq”. Sonra da Tovuzdan və Bakıdan futbolçular gətirəcəklərini deyirlər ki, güya bizim əvəzimizə oynadacaqlar. Əvvəla hansı pulla, ikincisi də pulunuz varsa başqasına niyə verirsiz ki, elə bizə verin də, hamısını yoxe, heç olmasa borcun 5-də birini verin. Hə, biz indi bu söhbətləri klubun rəhbərliyinə necə yaraşdıraq? Bu nə deməkdir? Yaxşı, bizim yaşımız azdır, tutaq ki, lap nadanıq, qanmırıq, başa düşmürük! Bəs siz, axı yaşda böyüksünüz, bəlkə siz deyəsiniz, bu, nə dərəcədə düz söhbətdir? Bu hansı kitabda yazılıb? Yeni il axşamı soğan çörək yeməklə yarıac yatan da biz, evdə çörək qabındakı qırıntıları toplayıb qarnımızı doyurdan da biz, aylarla bu şəhərin camaatına görə meydanda qan-tər təkən də biz, maaş almayan da biz, sonda haqqımızı istəyib məşqə qatılmadığımız üşün pis olan da biz?
Sonda onu da qeyd edək ki, artıq "Xəzər Lənkəran"da gedənlərin əvəzinə heyətə bir neçə yeni futbolçunun dəvət olunduğu bildirilir. Son olaylara etiraz əlaməti olaraq, artıq baş məşqçi postuna gətirilən Elbrus Məmmədov da istefa verib və klubun düşərgəsini tərk edib. Halbuki, o, cəmi bir neçə gün öncə Yunis Hüseynovu əvəz etmişdi. (12-ci oyunçu)
