Rəşad Sadiqov: Çempion olmaq üçün əlimizdən gələni edəcəyik
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi
- "Qəbələ" yeni ildəki ilk oyununda Almaniya "Osnabryuk"u ilə heç-heçə etdi (1:1). Komandanızın oyunundan razı qaldınız?
- Komandamız normal oynadı. Hansısa səhvlərimiz oldusa, məşqçilər korpusu matçın təkrarına baxarkən onları bizə söyləyəcək.
- Toplanış necə gedir?
- Yaxşı templə davam edir. İlk 2-3 gün çox çətin oldu. Ardından istirahət etdik. İndi isə əsasən meydançada məşq edirik.
- Ukraynanın "Metallurq" klubunun müdafiəçisi Pavel Paşayev "Qəbələ"də baxışdadır. Azərbaycan yığmasının əsas heyətinə düşə bilməyən futbolçu komandanıza faydalı ola bilər?
- Paşayev hələ klubla müqavilə imzalayıb. Ona görə də bu futbolçunun "Qəbələ"yə nə dərəcədə faydalı olacağı barədə yalnız müqavilədən sonra danışmaq olar. O, sadəcə, baxışa gəlib.
- Bir halda ki, onu baxışa dəvət ediblər, deməli, komandanın güclənməyə ehtiyacı var?
- Transfer məsələləri ilə məşqçilər korpusu məşğul olur. Bu, bizim işimiz deyil.
- Komandanın bu toplanışda hansısa problemi var?
- Bu sualı baş məşqçiyə ünvanlayın. Mən isə hesab edirəm ki, "Qəbələ" mövsümün ikinci dövrəsinin startına qədər ideal formada olacaq.
- "Qəbələ"nin "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmaq şanslarını necə qiymətləndirərdiniz?
- Çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Zaman göstərəcək.
- Yəqin ki, maliyyə böhranının bəzi klublarımıza necə təsir etməsindən xəbəriniz var. Sizə elə gəlmir ki, mövsümün ikinci hissəsi çox darıxdırıcı keçəcək?
- Elə düşünmürəm. Hazırda mövsümün bərpa olunmasını gözləyirik. Nəyin necə olacağını da ondan sonra görəcəyik. Şəxsən mən maraqlı mübarizə izləyəcəyimizi düşünürəm.
