Elvin Yunuszadə: 20 oyun bir futbolçunun özünü göstərməsi üçün yetərlidir
"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi
- Toplanış necə keçir?
- Normal. Hələ ki, daha çox fiziki hazırlığa diqqət ayırırıq.
- Sizin mövqeyinizdə çıxış edən Vladimir Dimitrovskinin gedişi sizin heyətə düşməyinizi asanlaşdırır?
- Mən bu barədə düşünmürəm. "Qarabağ"da hər mövqeyə 2-3 futbolçu var. Rəqabət onsuz da çox güclüdür. Odur ki, əsas heyətə düşmək üçün çox çalışmaq lazımdır.
- Sizinlə yoxlama görüşü keçirməsi gözlənilən "Traktorsazi"nin Türkiyəyə gəlməkdən imtina etməsi sizi məyus etdi?
- Deməzdim ki, məyus olduq. Amma gəlsəydilər, maraqlı oyun olardı.
- "Qarabağ"da hazırda hansı çatışmazlıqlar var?
- Bunu baş məşqçi Qurban Qurbanov daha yaxşı bilir. Mən futbolçuyam və bunu müzakirə etməyim düz olmaz.
- Muarem Muaremin komandaya qayıtması "Qarabağ"a nə verəcək?
- O, komanda üçün çox iş görüb. Futbolçu kimi yaxşı keyfiyyətlərə malikdir. İnanıram ki, o, əvvəlki kimi, yenə "Qarabağ"a faydalı olacaq. Əks halda yenidən komandaya qaytarılmazdı.
- Raydell Puponun gedişini necə qarşıladınız?
- O, sadəcə, komandaya uyğunlaşa bilmədi. Halbuki, bunun üçün şans da verildi. Komandada 20 oyun keçirdi. Bu, bir futbolçunun özünü göstərməsi üçün kifayətdir.
- Maliyyə böhranı ölkə futboluna da təsirsiz ötüşmür. Sizə elə gəlmir ki, bu, klublarımızın avrokuboklardakı çıxışına da mənfi təsir göstərəcək?
- Bu barədə hələ mövsümün əvvəlində danışılırdı. Amma mövsümün ilk yarısı göstərdi ki, vəziyyət o qədər də pis deyil. Çempionat maraqlı və gərgin keçir. Problemlərə baxmayaraq, hər bir komanda sonadək mübarizə aparır, xarakter nümayiş etdirir. Fasilədən sonra da elə olacaq. Buna əminəm.
