Laşa Salukvadze: İnterə ilk üçlükdə qalmaq çox çətin olacaq
"İnter"in müdafiəçisi Laşa Salukvadzenin azerisport.az saytına müsahibəsi
- Antalya toplanışı necə gedir?
- Məşqlərimiz çox ağırdır. Amma bu, normaldır. Qarşıda bizi çətin oyunlar gözləyir.
- Almaniyanın "Verder" klubunun ikinci komandasına uduzduğunuz (0:1) yoxlama oyunu ilə bağlı nə deyə bilərsiniz?
- Birinci hissədə onlardan daha yaxşı oynadıq. Amma ikinci hissədə yorğunluq öz sözünü dedi. Çünki komanda hər gün məşq edir və fiziki baxımdan yüklənmə böyükdür. Rəqib isə qolu heç nədən vurdu. Sanki, biz həmin qolu "Verder"ə hədiyyə etdik. Səhv etdik və uduzduq. Amma bütövlükdə, pis oynamadıq.
- "İnter"i tərk etməyə hazırlaşırdınız. Lakin komandada qalmağa qərar verdiyiniz görünür...
- Bəli, istəyirdim. Amma qalmağa qərar verdim. İyun ayına qədər yeni müqavilə imzaladım.
- Yeni rəhbərliyə görə qalmaq istədiniz, ya başqa səbəb var?
- Klubun yeni prezidenti ilə hələ görüşməmişəm. Sadəcə, komandanın uğur qazanmasında pay sahibi olmaq istəyirəm.
- Sizcə, "İnter" "Qarabağ"la çempionluq uğrunda rəqabət apara bilər?
- Çempionluq real görünmür. Amma mübarizəmizi sonadək davam etdirəcəyik.
- Komandanı bir neçə futbolçu, eləcə də hücum xəttinin lideri Dieqo Martins tərk edib. Bunlar "İnter"in çıxışına mənfi təsir göstərməyəcək?
- Təəssüf ki, o qədər oyunçu getdi. Yeni transferlər olmasa, ilk üçlükdə qalmaq çox çətin olacaq.
- Antalyadakı ikinci yoxlama oyununuz da "Verder"ə qarşıdır. Amma bu dəfə əsas komanda ilə...
- Belə bir kluba qarşı oynamağımız yaxşıdır. "Verder" kimi komandaya qarşı oyunda öz gücümüzü sınamaq imkanımız olacaq.
- Manatın devalvasiyası sizə necə təsir edib?
- Mən maaşımı dollarla alıram. Hazırda Türkiyədə olduğumdan nəyin necə olduğundan xəbərsizəm.
- Rusiyanın "Volqa" klubu sizə olan borcunu qaytardı?
- Xeyr, ödəməyiblər. Hələ gözləyirəm.
