Tərlan Əhmədov: Ola bilər ki, bir yerli hücumçu alaq
AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun azerisport.az saytına müsahibəsi
- "Neftçi"dən başqa ciddi rəqibinizin olmadığı bu qış turniri AZAL-a nə verəcək?
- Maliyyə böhranı təkcə bizim ölkəyə yox, bütün dünyada öz təsirini göstərməkdədir. Beş klub ölkədən kənara çıxa bilmədi və onlar üçün belə bir turnir təşkil olundu. Belə bir turnir ölkəmizdə heç vaxt keçirilməmişdi. Bütün nəzərdə tutulan klublar burada çıxış edə bilməsə də, normal yarışdır. Məsələn, adi yoxlama oyunlarında futbolçuları motivasiya etmək bir qədər çətin olur. Amma bu turnirdə oyunçular üçün müəyyən motivasiya da olacaq. Turnirdə hər şey fərqli olur.
- Deməli, bu turnirdə iştirak sizin ürəyinizcədir?
- Bəli. Bu cür turniri inkişaf etdirmək lazımdır. Premyer Liqa təmsilçiləri ilə yanaşı, birinci divizion klubları da öz qüvvələrini sınayırlar. Türkiyədə Antalya Kuboku keçirilirsə, niyə bizdə də belə bir turnir keçirilməsin? Bu cür turnirlər həm də gəncləri sınaqdan keçirmək baxımından önəmlidir. Çempionat oyunlarında baxa bilmədiyimiz futbolçulara belə görüşlərdə şans verə bilirik.
- Mövsümün qalan dövrünün startına kimi komandada hansı dəyişikliklər etməyi planlaşdırırsınız?
- Hacı Əhmədovu komandaya dəvət etmişik, Eltun Hüseynovu geri qaytarmışıq. Meksikalı Adan Koronado ilə müqavilə imzalamışıq. Əhmədovla da yaxın günlərdə müqavilə imzalanacaq. Ola bilər ki, bir yerli hücumçu da alaq.
- Legionerlərin sayında artım olmayacaq?
- Xeyr. Büdcəyə qənaət etməyə, problemləri yerli kadrların sayəsində həll etməyə çalışacağıq.
- Elə isə hansı forvarddan söhbət getdiyini bilmək olar?
- Hələ ad açıqlaya bilmərəm. Çünki öncə həmin futbolçu öz klubu ilə problemini həll etməlidir.
- Sizə elə gəlmir ki, ölkədəki maliyyə böhranı yaxın gələcəkdə bir sıra klubumuzun dağılması ilə nəticələnə bilər? Çünki artıq əksər klublar ciddi problemlərlə üz-üzə qalıb...
- Ümid edirəm ki, bu, baş verməyəcək. Amma hər şey daha da pisləşsə, dediyiniz kimi olmsı tam realdır. "Xəzər Lənkəran" kimi ciddi bir klub bu cür vəziyyətə düşübsə, digər komandalar barədə danışmağa da dəyməz.
