Traktorsazinin Azərbaycan klubları ilə dueli baş tutmayacaq
İranın, bir qədər də dəqiqləşdirsək, Cənubi Azərbaycanın "Traktorsazi" klubu Türkiyə toplanışından imtina edib. Azerisport.az xəbər verir ki, Təbriz klubunun bu qış fasiləsi zamanı Antalyada hazırlıq keçəcəyi, eləcə də Topaz Premyer Liqasında çıxış edən klublarımızla yoxlama oyununda qüvvəsini sınayacağı bildirilirdi.
Amma "Traktorsazi" Türkiyəyə getməyəcək. Buna səbəb bir neçə gün öncə İstanbulda törədilən terror aktı göstərilir. Amma Təbriz təmsilçisinin azarkeşləri klub rəhbərliyinin bu qərarından kəskin narazı qalıblar. Onlar bunu digər İran klublarının Türkiyə toplanışından imtina etmədiyi halda, türk dünyasının simvolu olan bir komandanın belə bir qərar qəbul etməsi ilə barışa bilmirlər.
Qeyd edək ki, "Traktorsazi" Antalyada "Zirə" və "Sumqayıt"la yoxlama oyunu keçirəcəkdi. "Qarabağ"ın da bu komanda ilə görüşü nəzərdə tutulmuşdu. Amma həmin oyun daha öncədən ləğv olunmuşdu.
