Məhəmməd Qurbanov: Bakı turnirində hər oyuna qələbə üçün çıxacağıq
"Neftçi"nin hücumçusu Məhəmməd Qurbanovun azerisport.az saytına müsahibəsi
- Komandanızın hazırlığı necə gedir?
- Hər şey öz qaydasındadır. Futbol üçün darıxmışıq.
- Düşərgənizdə yeni futbolçu da var - Elbəy Quliyev. Onunla rəqabətdən çəkinmirsiniz?
- Bu barədə heç düşünməmişəm. Komandada rəqabət olmalıdır.
- Bu gün sizi yeni turnirdə AZAL-la açılış matçı gözləyir. Startı verilməmiş üç klubun imtina etməsini nəzərə alsaq, bu turniri qeyri-ciddi saymaq olar?
- Bu turnir komandaların qış hazırlığını daha yaxşı keçirməsi üçün təşkil olunub. Təbii ki, turnirin qalibi olmaq heç bir komanda üçün əsas məqsəd olmayacaq. Amma biz hər oyuna qələbə üçün çıxırıq.
- Türkiyəyə getmək daha yaxşı olmazdımı?
- Türkiyə toplanışından imtina gözlənilməz oldu. Amma bizim üçün burada da yaxşı şərait yaradıblar ki, hazırlaşa bilək. Həm güclü rəqiblər, həm də meydançalar var. Biz burada da yaxşı toplanış keçirik.
- "Sumqayıt"ın futbolçuları kimi təyyarə biletinizi öz hesabınıza almaqla Türkiyəyə getməyə dəyərdi?
- Bu barədə eşitmişəm. Amma Bakıda da normal hazırlıq keçmək üçün hər cür şərait var.
- "Sumqayıt"a qayıdacağınıza dair xəbərlər var idi...
- Düzünü deyim ki, mənə rəsmi olaraq heç bir təklif gəlməyib.
- "Neftçi"nin mövsümün ilk iki dövrəsindəki çıxışını necə qiymətləndirərdiniz?
- Uğursuz çıxış etdiyimizi deməzdim. Yaxşı oyunlarımız var idi. Sadəcə, bəzi görüşlərdə bəxtimiz gətirmədi. "Neftçi" hazırda heç də layiq olduğu mövqedə deyil. Bu vəziyyəti düzəltməyə çalışacağıq. Fanatlarımızı sevindirməyə borcluyuq.
- Əsgər Abdullayevin baş məşqçi postunda saxlanılmasını necə qarşıladınız?
- Onun postunda qalacağını gözləyirdim. Yaxşı məşqçidir. Onunla çalışmaq mənə də çox xoşdur.
