Aqil Məmmədov: Neftçi liderlərlə rəqabətə hazır olacaq
"Neftçi"nin qapıçısı Aqil Məmmədovun azerisport.az saytına müsahibəsi
- Hazırlıq necə gedir?
- Yaxşı. Gündə iki dəfə məşq edirik. Hələ ki, heç bir problemimiz yoxdur. Əminəm ki, toplanışın sonuna qədər belə davam edəcək.
- Klubunuzun Türkiyə toplanışından imtina etməsini necə qəbul etdiniz?
- Sakit. Biz futbolçulara nə lazımdır? Meydança və top. Bizdə də hər ikisi var. Problemsiz məşq edirik. Sabahdan etibarən yeni turnir başlayıb. Bu üzdən yoxlama oyunları baxımından da problemimiz olmayacaq.
- Bu turnir üçün hədəfiniz nədən ibarətdir?
- Turnir məşq və yoxlama xarakteri daşısa da, qələbə qazanmağa çalışacağıq.
- Əsgər Abdullayevin baş məqçi postunda qalması komanda üzvlərini sevindirdi?
- Bu xəbər şəxsən məni sevindirdi. Abdullayev futbolumuzda sözünü demiş mütəxəssislərdəndir. Onu klubda maliyyə problemləri olduğu üçün bu postda saxladıqlarını düşünmürəm. Əksinə, qısa müddət ərzində öz sözünü deməyi bacardı və "Neftçi"nin sükanı arxasında qalmağa layiq olduğunu isbatladı. Futbolçularla yaxşı dil tapmağı bacarır. Heç kimi fərqləndirmir. Komandada sevimli futbolçusu yoxdur. Hər bir futbolçuya yaxşı münasibət göstərir. Onunla işləmək çox xoşdur.
- Maliyyə böhranını siz də hiss edirsiniz?
- Xüsusi yox. Vaxtında maaşımızı alırıq.
- Maaşınızı dollarla alırsınız?
- Manatla.
- Aldığınız pulun öz dəyərini itirməsi necə özünü hiss etdirməyə bilər?
- Mən bu vəziyyəti dramatikləşdirmək istəmirəm. Çox da olsa, az da olsa, bununla kifayətlənirəm.
- İstənilən halda Azərbaycan futbolunda əvvəlki pullar yoxdur və bu gedişlə legionerlərin də sayı azalacaq...
- Yerli futbolçulara, mütəxəssislərə çoxdan güvənmək lazım idi. Ən yaxşı nəticələri də futbolumuza yerli məşqçilər bəxş ediblər. İlk dəfə Azərbaycan klubunu Avropa Liqasının qrup mərhələsinə kim çıxarıb? Böyükağa Hacıyev. Eyni uğuru iki dəfə təkrarlayan kim olub? Qurban Qurbanov.
- Bəs Roman Qriqorçuklu "Qəbələ"?
- O cür heyətlə, rəhbərliyin yaratdığı o cür şərait və dəstəklə belə bir uğura imza atmaq çox asandır. Legionerlərin sayının bundan sonra azalacağına gəlincə, bu, yığmamız üçün də yaxşı nəticələrə səbəb olacaq. Fikrimcə, millimizdə rəqabət bundan sonra daha da artacaq.
- "Neftçi"dən mövsümün qalan dövründə nə gözləyək?
- Daha güclü "Neftçi" gözləyin. Biz liderlərlə rəqabətə hazır olacağıq. Yüksək yerlər uğrunda mübarizəyə qoşulmağa hazırlaşırıq.
