Məhəmməd Mirzəbəyov: Qəbələnin çempion olacağına inanıram
"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyovun azerisport.az saytına müsahibəsi
- Türkiyə toplanışı necə gedir?
- Toplanış bizim üçün vacibdir. Çünki toplanış zamanı güclü rəqiblərlə qarşılaşacağıq. Mövsümün ikinci hissəsi üçün yaxşı forma toplamaq istəyirik.
- "Qəbələ"yə gələndən sonra niyə az oynayırsınız?
- Düzünü deyim ki, bilmirəm.
- Daha çox oynadığınız "İnter"i tərk etdiyinizə görə peşman deyilsiniz?
- Xeyr, təəssüflənmirəm. Qəbul etdiyim qərarlara görə heç vaxt təəssüflənmirəm.
- Bəs indi klubunuzu dəyişmək barədə düşünmürsünüz?
- "Qəbələ" ilə uğur qazanmaq istəyirəm. Qalan şeylər barədə düşünmürəm.
- "Qəbələ"nin bu mövsüm çempionluğa oynayacağı gözlənilsə də, hazırda liderdən çox geri qalırsınız...
- Çempionluq mübarizəsindən danışmaq hələ tezdir. Qarşıda daha iki dövrə var. Bu müddət ərzində çox şey baş verə bilər. Hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq.
- Amma mütəxəssislərin əksəriyyəti deyir ki, bu komandanı indidən çempionluq münasibəti ilə təbrik etmək olar...
- İndi klublarımızın hamısı liderlik, çempionluq uğrunda mübarizə apara bilməz. Ümid edirəm ki, "Qəbələ" bunu bacaracaq və son turda da olsa, liderliyi özü üçün təmin edəcək. Komandamıza da, çempion olacağımıza da inanıram.
- Keçmiş komandanız "İnter" hazırda ikinci yerdədir. Bəlkə, oraya qayıdıb, paytaxt klubunun liderliyi üçün çalışasınız?
- "İnter"in futbolçularına halaldır. Bütün problemlərə baxmayaraq, onlar ikinci yerə qədər irəliləyə bildilər. Amma mən "Qəbələ"ni tərk etməyə, oraya qayıtmağa hazırlaşmıram.
- Klubunuzda az oynamağınız yığmaya dəvət almağınıza da mənfi təsir göstərə bilər. Robert Prosineçkinin sizə dəvət göndərməyəcəyindən ehtiyatlanmırsınız?
- Ümid edirəm ki, həm klubumda, həm də yığmada oynayacağam. Hər iki komandaya faydalı olacağam.
