Açılış oyununda Neftçi ilə AZAL qarşılaşacaq
Qış fasiləsi zamanı xaricə gedə bilməyən klublarımız üçün təşkil olunan mini turnirin reqlamentində dəyişiklik olub. Azerisport.az xəbər verir ki, öncədən bu turnirdə 8 klubun iştirakı nəzərdə tutulmuşdu. Hətta püşkatma da buna uyğun edilmişdi.
Amma öncə birinci divizion təmsilçisi "Qaradağ Lökbatan", daha sonra isə "Xəzər Lənkəran" turnirdə iştirakdan imtina edib. Bu üzdən də turnir altı klubun iştirakı ilə keçiriləcək. Bunlar elita təmsilçiləri - "Neftçi", AZAL, "Rəvan", həmçinin birinci divizionda çıxış edən MOİK, "Şərurspor" və "Neftçala"dır.
A qrupunda "Rəvan", "Neftçala", "Şərurspor", B qrupunda isə "Neftçi", AZAL və MOİK mübarizə aparacaq. Turnirə yanvarın 14-də start veriləcək. Açılış matçında "Neftçi" ilə AZAL üz-üzə gələcək. Bütün oyunlar saat 13:00-da start götürəcək.
Bütövlükdə, turnirin təqvimi aşağıdakı kimidir:
A qrupu
15 yanvar. “Neftçala” – “Şərurspor”
17 yanvar. “Rəvan” –“Neftçala”
19 yanvar. “Şərurspor” – “Rəvan”
B qrupu
14 yanvar. “Neftçi” – AZAL
16 yanvar. AZAL – MOİK
18 yanvar. MOİK – "Neftçi"
Qrupda ilk iki yeri tutan komandalar yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Yarımfinalda isə dörd klub finala vəsiqə uğrunda mübarizə aparacaq.
Yanvarın 24-nə nəzərdə tutulan final matçı istisna olmaqla, bütün oyunlar "Bayıl Arena"da baş tutacaq. Finala çıxacaq komandaların dueli isə Bakı Olimpiya stadionunda keçiriləcək.
