Kazbek Tuayev: Maliyyə çətinlikləri futbolumuzun ancaq xeyrinə olacaq
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
- Manatın devalvasiyasını siz də hiss edirsiniz?
- Xüsusi olaraq yox. Əlbəttə, ərzaq məhsualları bahalaşıb. Amma bu, mənim üçün ciddi problemlər yaratmayıb. Düşdüyümüz bu vəziyyətə normal yanaşıram. Hər şeyi dramatikləşdirməyin tərəfdarı deyiləm. Digərlərinə də bunu məsləhət görürəm. Həyatda elə anlar olur ki, çətinliklərlə üzləşirsən. Rəhbərliyimizin ölkənin inkişaf strategiyasını tam dəstəkləyirəm. Buna maksimum sakit yanaşmaq lazımdır.
- Amma maliyyə böhranı ölkə futboluna çox ciddi təsir göstərir...
- Maliyyə çətinlikləri futbolumuzun ancaq xeyrinə olacaq. Artıq bundan sonra dəstə-dəstə qastrola gələnləri dəvət etməyəcəyik. Futbolumuza daha böyük fayda verəcək öz gənclərimizi yetişdirməyə çalışacağıq. Bunu bacarırıq. Ələkbər Məmmədovu, Anatoli Banişevskini bu torpaqların yetişdirdiyini unutmayaq.
- Premyer Liqa klublarının yarısı Türkiyə toplanışına getməkdən imtina etdi. Onlardan biri də "Neftçi"dir...
- Ölkə xaricindəki təlim-məşq toplanışı nə üçün lazımdır? Yoxlama oyunları keçirmək üçün. Ölkədə qalan klublar bu boşluğu təşkil olunacaq yeni turnir sayəsində aradan qaldıracaqlar. Eşitdiyimə görə, hətta birinci yeri tutacaq komanda üçün mükafat fondu da yaradılacaq. Bu ki əladır. Bu, klubların hazırlığına da müsbət təsir edəcək. Bizim iqlim şəraitimiz heç də pis deyil. Məskunlaşmaq üçün otellər, hazırlaşmaq üçün idman zalları, meydançalar var. Əvvəllər də xaricə toplanışa getmək imkanımız olmayanda xarici klubları buraya dəvət edirdik. Toplanış üçün hər dəfə Türkiyəyə yollanmağa ehtiyac yoxdur.
- Klubların futbolçulara verdiyi maaşları azaltmasına necə baxırsınız?
- Yaxşı. Şişirdilmiş qiymətləndirmə yetər. Axı kim hansısa ciddi uğurlara imza atıb ki, o qədər pul alır? Hər kəs öz zəhmətinə uyğun qazanmalıdır. Ortabab futbolçu elə ortabab da maaş almalıdır.
- Belə olan halda yığmanın baş məşqçisi Robert Prosineçkinin də maaşı azaldılmalıdır?
- Müqaviləsində nə qədər qeyd olunubsa, onu da almalıdır. Prosineçkini bu posta gətirməklə düzgün addım atmışıq. Hələ ki, hər işini düzgün görür.
- Manatın devalvasiyası "Neftçi" kimi, digər klubların da yerli məşqçilərə tapşırılması ilə nəticələnə bilər?
- Çox istəyərdim ki, bütün klublarımızı yerli məşqçilər çalışdırsın. Çingiz Abdullayevli "Neftçi" düzgün addım atdı. Samir Əliyevi də komandada saxladılar. Baş verənlərə görə çox üzülməməliyik.
