12 yanvar 2016 11:45
Kəpəzin daha iki rəqibi bəlli oldu
Topaz Premyer Liqasının qış hazırlığı dövründə “Kəpəz”in yoxlama oyunu keçirəcəyi daha iki komandanın adı məlum olub. Azerisport.az xəbər verir ki, "sarı-göylər” ilk yoxlama matçını yanvarın 13-də keçirəcək.
Yevlaxda əvəzedicilərlə birlikdə məşq edən komandanın rəqibi elə “dubl” olacaq. Şahin Diniyevin yetirmələrinin əvəzedici heyətlə görüşü saat 16:00-da başlayacaq və Yevlaxdakı təlim-məşq bazasının stadionunda keçiriləcək.
“Kəpəz” Bakı toplanışı çərçivəsində isə “Ağsu” ilə qarşılaşacaq. Birinci divizion təmsilçisi ilə oyun yanvarın 26-da Bakıda olacaq. Hələlik, qarşılaşmanın keçirilmə yeri və saatı dəqiqləşməyib.
Xatırladaq ki, bundan öncə Gəncə klubunun yanvarın 23-də “Neftçi” ilə yoxlama matçında üz-üzə gələcəyi müəyyənləşmişdi.
