Bədavi Hüseynov: Xarici klublardan ciddi təklif olsa...
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi
- Türkiyə toplanışı necə gedir?
- Hər şey öz qaydasındadır. Futbol üçün darıxmışıq. Hələ toplanışın ilk günlərindəyik. Yüngül məşqlər edirik. Bir qədər keçdikdən sonra daha ciddi hazırlıqlar keçəcəyik.
- Keçmiş komanda yoldaşınız Muarem Muarem yenidən "Qarabağ"a qayıtdı. O, hücum xəttinizi gücləndirə biləcək?
- Muaremi görəndə yaxşı mənada təəccübləndim. O, "Qarabağ" üçün çox şey edib. Buna görə Muaremin yenidən qayıtmasına çox sevinirik. Onun müsbət keyfiyyətlərinə bələdik. Bu üzdən də fikrimcə, "Qarabağ"a köməyi dəyəcək.
- Xüsusi nə iləsə yadda qalmayan Raydell Puponun gedişini necə qarşıladınız?
- Pupon pis hücumçu deyil. Hər oyunda çalışırdı. Sadəcə, mənim fikrimcə, onun oyunu bizim üslubumuza uyğun deyildi. Ona yeni komandasında uğurlar arzulayıram.
- Yığmamızın sabiq hücumçusu Şamil Lahiyalov saytımıza müsahibəsində deyib ki, Bədavi xaricdə oynamağa çalışmalıdır...
- Şamil nə dediyini yaxşı bilir. Onun böyük təcrübəsi var. İndi mənim "Qarabağ"la müqaviləm var. Bu kluba faydalı olmağa çalışıram. Gələcəkdə ciddi təkliflər olsa, bunu dəyərləndirərəm.
- Bu yaxınlara kimi sizə Gürcüstan və Ukraynadan təkliflər olduğu bildirilirdi...
- Mən də bunları eşitmişdim. Amma konkret heç nə yox idi. Ona görə də bütün diqqətimi "Qarabağ"dakı çıxışıma yönəltmişəm.
- Manatın devalvasiyası yəqin ki, sizə də təsir göstərib...
- Bunu istirahət etdiyimiz vaxt eşitdim. Bu, hamımız üçün pis xəbərdir. Hamıya səbr diləyirəm. Ümid edirəm ki, tezliklə hər şey qaydasına düşər.
- Bəzi klublar bu səbəbdən xaricdə toplanış keçməkdən imtina etdi...
- Bundan xəbərim var. Yaxşı ki, AFFA onlar üçün turnir təşkil edib. Bu üzdən onların da yaxşı toplanış keçəcəyinə inanıram.
- Sizə elə gəlmir ki, son hadisələr "Qarabağ"ın mövsümün qalan dövrü ərzindəki işini daha da asanlaşdırır?
- Eşitdiyimə görə, klublar heyətini gücləndirir. Fikrimcə, mövsümün qalan hissəsi geridə qoyduğumuz dövrlə müqayisədə daha çətin keçəcək.
