Ruslan Qurbanov: Bizə öz pulumuzla Türkiyəyə getmək təklif olunmayıb
"Neftçi"nin hücumçusu Ruslan Qurbanovun azerisort.az saytına müsahibəsi
- Mövsümün qalan hissəsinə hazırlıq necə gedir?
- Məşqlərə başlamışıq. Baş məşqçi bizə proqram verib. Bu, bizə optimal forma toplamağa və mövsümün qalan dövrünə daha yaxşı hazırlaşmağa kömək edəcək.
- "Neftçi" Türkiyə toplanışından imtina etdi. Bu, sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Bunda ciddi heç nə yoxdur. Biz burada da yaxşı hazırlıq keçə bilərik. Buna əminəm. Yeri gəlmişkən, "Sumqayıt"ın Türkiyə toplanışına getmək üçün təyyarə biletini futbolçuların alması böhrandan xəbər verir. Amma bizə belə bir təklif edilmədi. İstənilən halda, bizə Bakıda da yaxşıdır.
- Yəqin ki, hazırlıq yolunda AFFA tərəfindən təşkil olunacaq mini-turnir də sizə yardımçı olacaq...
- Belə bir turnir təşkil etmək istədiklərini eşitmişəm. Şəxsən mən bu turnirdə oynamağımızı istəyərdim.
- Yeni ili necə keçirdiniz?
- Mən yeni ili qeyd etmirəm. Ailəmlə, valideynlərimlə birgə idim.
- "Neftçi" ilə yeni ili qeyd etmək istəsəydiniz, komandada kimin Santa Klaus olmasını təklif edərdiniz?
- Heç Santa Klausa kimin oxşadığını bilmirəm (gülür). Yəqin ki, Aylton ola bilərdi.
- Ötən il sizin üçün nə ilə yadda qaldı?
- Uğurlu il oldu. Xorvatiyada oynamaq imkanı qazandım. Baxmayaraq ki, az oynadım. Amma xaricdə oynamaq xoş idi. Əsas odur ki, milli komandaya düşdüm, oynamaq imkanım oldu.
- Hansı oyun sizin üçün daha yaddaqalan oldu?
- Maltaya dörd metrdən qol vura bilmədiyim oyunu unuda bilmirəm. Yaxşı oyunlar kimi isə Norveç, Xorvatiya və İtaliya ilə görüşləri qyed edərdim. Həmçinin "Neftçi"də qol vurduğum oyunlardı.
- Manatın devalvasiyasının futbolumuza təsiri barədə nə düşünürsünüz?
- Əlbəttə, bunun hər kəs kimi, bizə də təsiri var. Çünki maaşımızı manatla alırıq. Amma buna baxmayaraq, hər şeyin yaxşı olacağına, komandamızın mükafatçılar sırasına düşəcəyinə, avrokuboklarda oynayacağımıza ümidliyəm.
