"Onlar millinin formasını geyməyə, Azərbaycanın gerbini, bayrağını daşımağa layiq deyillər"
Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Şamil Lahiyalovun azerisport.az saytına müsahibəsi
- Siz futbolçu karyeranızı artıq başa vurmusunuz?
- Demək olar ki, hə. Amma yenə də hər şey ola bilər. Mümkündür ki, yenidən meydana dönüm.
- Karyeranızda başladığınız Azərbaycan çempionatını izləyirsiniz?
- Əlbəttə. Azərbaycan yığmasının və avrokuboklardakı klublarınızın çıxışını izləyirəm. Məni xatırlayan hər kəsə salamımı göndərirəm. Xüsusilə, Şahin Diniyevə uğurlar arzulayıram. Çünki o, mənim üçün az iş görməyib.
- Azərbaycan klublarından dəvət almışdınız?
- Konkret təklif irəli sürən olmamışdı.
- Hansı klublarımızın çıxışı sizin daha çox cəlb edir?
- Daha çox "Qarabağ"la "Qəbələ"nin sərgilədiyi oyunu qeyd edərdim. Bu komandalarda elə futbolçular çıxış edir ki, onlarla meydanda dəfələrlə üz-üzə gəlmişəm. Hər iki klub yaxşı oyun göstərir.
- Bu komandaların Avropa Liqasındakı çıxışı barədə nə deyərdiniz?
- Qrup mərhələsindəki oyunlarını izləyirdim. Azərbaycan klublarının bu mərhələdə aldı-sanlı rəqiblərə qarşı rəqabət aparması mənim xoşuma gəldi.
- Azərbaycanın əsas yığmasında oynamaq şansınızdan niyə yararlanmadınız?
- 2008-ci ildə mənə rəsmi dəvət gəlmişdi. Amma həmin vaxt ayağımda problem var idi. Çıxış etdiyim klub da yığmaya görə ayağımı riskə atmağıma qarşı idi. Amma özüm Azərbaycan yığmasında çıxış etməyi çox istəyirdim.
- Yəqin ki, klublarımızda çoxlu dağıstanlı futbolçunun çıxış etdiyini, onların əksərinin hətta yığma komandamıza qədər dəvət aldığını bilirsiniz...
- Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirovla yaxşı münasibətim var. Fikrimcə, bu, çox yaxşı təcrübədir. Əsas odur ki, bu futbolçular ölkə futbolunun inkişafına öz töhfələrini verə bilirlər.
- Bədavi Azərbaycanda ən yaxşı müdafiəçilərdən biri hesab olunur. Sizə elə gəlmir ki, o, artıq Premyer Liqanı tərk edib, Rusiya və Ukrayna klublarında çıxış etmək barədə düşünməlidir?
- Belə bir imkanı olsa, istifadə etməlidir. Bu, həm futbolçu, həm də Azərbaycan yığması üçün müsbət addım olacaq.
- Sizcə, Azərbaycan yığması niyə beynəlxalq arenada uğur qazana bilmir?
- İnkişaf hiss olunur. Amma hazırda sizdə uşaq futbolunun hansı səviyyədə olduğunu bilmirəm. Bu, futbolun inkişafında çox önəmli məqamdır. Özü də uşaq futboluna dövlət səviyyəsində qayğı olmalıdır. Məsələn, sizin güləşçilərin beynəlxalq arenadakı uğurları güclü məktəbin olmasının nəticəsidir.
- Sizcə, Aleksandr Səmədov, Emin Mahmudov, Ramil Şeydayev, Ayaz Quliyev kimi azərbaycanlı futbolçular niyə millimizin şərəfini qorumağa yox, Rusiya yığmasında çıxış etməyə üstünlük verirlər?
- Deməli, onlar Azərbaycan yığmasının formasını geyməyə, bu ölkənin gerbini, bayrağını daşımağa layiq deyillər. Futbolçu ürəyinin döyündüyü ölkənin yığması üçün çıxış etməlidir.
