Qarabağın forvardı Rodaya keçdi
"Qarabağ"ın hücumçusu Raydell Puponun Ağdam klubunu tərk edəcəyinə dair ehtimallar özünü doğruldub. Azerisport.az xəbər verir ki, hollandiyalı futbolçu bundan sonra karyerasını ölkəsində davam etdirəcək.
Forvard Hollandiyanın "Roda" klubu ilə müqavilə imzalayıb. Artıq bu barədə sözügedən klubun rəsmi saytı da məlumat yayıb.
Qeyd edək ki, Pupon "Qarabağ"a ötən il gəlmişdi. Amma o, ümidləri doğrultmurdu. Buna görə futbolçunun klubu tərk edəcəyi bildirilsə də, bir müddət öncə Raydell ölkəsinin mətbuatına müsahibəsində bunu təkzib etmiş, hətta Ağdam klubunun onu qovacağı halda çoxlu kompensasiya vermək məcburiyyətində qalacağı ilə hədələmişdi.
Artıq "Qarabağ" da Puponla yollarını ayırdığını təsdiqləyib. Klub saytının məlumatında bunlar qeyd olunub: "Turkiyənin Antalya şəhərində qış-təlim məşq toplanışında olan komandamız hazırlıqlar ərəfəsində Raydell Puponla yollarını ayırdı. Bu gün hollandiyalı futbolçumuzla qarşılıqlı razılaşmaya əsasən müqaviləyə xitam verildi. "Qarabağ" Raydell Pupona gələcək kariyerasında uğurlar arzu edir".
