Mirhüseyn Seyidov: Hələ Qarabağı çempion elan etmək çox tezdir
"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidovun azerisport.az saytına müsahibəsi
- Klubla müqavilənizin müddəti dekabrın sonunda başa çatmışdı. İndi komandayla birgə Antalyada toplanışda olduğunuzu nəzərə alsaq, klubla yeni müqavilə bağladığınızı demək olar?
- Bəli. İyul ayına qədər yeni müqavilə bağladıq. "İnter"in uğur qazanması üçün əlimdən gələni etməyə çalışacağam.
- Amma komandanızın son oyunlarında demək olar ki, meydanda görünmürdünüz...
- Zədəli idim. Demək olar ki, ay yarım müalicə aldım.
- Klubla uğur qazanmaq istədiyinizi deyərkən, nəyi nəzərdə tutursunuz?
- Bizim əsas hədəfimiz yenidən avrokuboklara vəsiqə qazanmaqdır. Çempionluq mübarizəsinə də qoşulmaq olar. Çünki liderdən elə də çox geri qalmırıq. İndi əsas yaxşı qış təlim-məşq toplanışı keçməkdir. Belə olan halda çempionatda daha yaxşı çıxış edib, xallar qazana və mövqeyimizi qoruya bilərik.
- Klubun yeni prezidenti Rəşad Qasımovla görüşünüz olub?
- Hələ yox. Bildiyimə görə, klubun düşərgəsini ziyarət etmək, komanda üzvləri ilə görüşmək üçün Antalyaya gələcək. Yəqin ki, klubun rəhbəri olaraq komandadan kubok və çempionatda uğur qazanmağı istəyəcək.
- "İnter"ə keçidinizdən sonra biz "Neftçi"dəki Mirhüseyn Seyidovu görə bilmirik. Bu, təkcə zədə ilə bağlıdır, ya başqa səbəblər də var?
- Başqa kluba keçmişəm. Buradakı taktika "Neftçi"dəkindən fərqlidir. Həm də özüm günahkaram. "Qarabağ"a qarşı oyunda ağrılar hiss etdiyim halda zədəli-zədəli oynadım. Nəticədə, vəziyyətimi daha da ağırlaşdırdım.
- 2015-ci ili necə qiymətləndirərdiniz?
- Avrokuboklar mövsümü "İnter" üçün yaxşı alındı. Ötən ili özüm üçün də normal hesab edirəm. Bütün çətinliklər geridə qalıb. Bu il daha yaxşı çıxış etməyə çalışmaq lazımdır.
- Əksəriyyət "Qarabağ"ın çempionluq mübarizəsində rəqibsiz olduğunu hesab edir...
- Bəli, "Qarabağ" sərgilədiyi oyuna görə ən yaxşı komandadır. Klubun yaxşı maliyyə imkanları, güclü legionerləri var. Avropa təcrübəsi də onlara kömək edir. Amma onları indidən çempion elan etmək çox tezdir. Sonadək mübarizə aparmaq lazımdır. Əminəm ki, mövsümün qalan dövrü həm onlar, həm də bizim üçün çox çətin keçəcək.
- Komandanızı Dieqo Martins, Stepan Polyak və daha bir neçə futbolçu tərk edib. Sizcə, bu, çıxışınıza çoxmu təsir edəcək?
- Bəli, gedənlər var. Amma gələn futbolçular da var. Gedənlərin yoxluğunu hiss etdirməmək üçün daha yaxşı oynamalıyıq.
- Nə vaxtsa yenidən "Neftçi"yə qayıtmağınız mümkündür?
- İndi bu barədə dəqiq heç nə deyə bilmərəm. Mənim "İnter"lə müqaviləm var. Digər variantlar barədə yayda düşünə bilərəm. Həm də o vaxta qədər çox şey dəyişə bilər.
