AFFA-nın seleksioneri: Malaqa Qara Qarayevlə mart ayında rəsmi müqavilə imzalayacaqdı
AFFA-nın seleksioneri, Azərbaycan yığmasının administratoru Riad Rəfiyev gənc hücumçu Qara Qarayevin İspaniyanın "Malaqa" klubunu tərk edərək vətənə qayıtmasına və "İnter"lə müqavilə bağlamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarayev "Malaqa"nın rəsmi oyunlarında meydana çıxmamasından narazı idi. Yalnız yoxlama görüşlərində qüvvəsini sınadığından oyun təcrübəsinin olmamasından gileylənirdi. O, "Malaqa"nı tərk edəndə mart ayında qayıdacağını bildirib. Halbuki, özü də, atası da bilirdi ki, 18 yaşı tamam olana qədər onunla rəsmi müqavilə bağlanıla bilməzdi. "Malaqa" peşəkar klubdur, onu istədiyin vaxt tərk edə, qayıda bilməzsən. Şübhəsiz ki, ispanlar buna razı deyildilər. Qara həmçinin ona orada çətin olduğunu, ispan dilini bilmədiyi üçün problemlə üzləşdiyini deyirdi. Biz onun niyə belə addım atdığını dəqiq bilmirik. Yəqin ki, burada yaxşı vədlər veriblər. Çox təəssüf ki, bu yaşda bir gənc futbolçu karyerasını yox, pulu düşünür. "Malaqa"da onun bu hərəkətinə çox mənfi reaksiya verdilər. Çünki futbolçu qeyri-peşəkar addım atıb. Halbuki, "Malaqa"nın futbol akademiyasının direktoru ilə söhbətimizdə o, mənə Qarayevdən razı olduqlarını deyirdi və gələcəkdə də klubda qalmasını istədiklərini bildirirdi".
"Buna baxmayaraq, AFFA bundan sonra da gənc futbolçuların Avropa klublarına göndərilməsinə çalışacaq. Belə bir hadisənin bir daha təkrarlanmayacağına ümid edirik. AFFA Qarayevin mart ayına qədər İspaniyada qalması, qidalanması və sair üçün bütün xərcləri öz üzərinə götürüb. Sadəcə, orada qalıb məşq etmək, yoxlama oyunlarında iştirak edib, özünü isbatlamaq qalırdı. Mart ayında isə rəsmi müqavilənin imzalanmasını gözləmək lazım idi".
