Vurğun Hüseynov: Türkiyəyə getmək üçün hər birimiz 450 manat pul vermişik
"Sumqayıt"ın kapitanı Vurğun Hüseynovun azerisport.az saytına müsahibəsi
- "Sumqayıt"ın Türkiyə toplanışına getməsi üçün təyyarə biletlərinin futbolçuların puluna alındığı barədə xəbərlər doğrudur?
- Bəli, düzdür. Belə bir təkliflə rəhbərliyə özümüz müraciət etdik.
- Bu ideya kimindir?
- Bütün komandanın, futbolçuların, məşqçilərin. Biz sadəcə, aviabiletlərin pulunu ödədik. Qalan hər şeyi rəhbərlik həll edəcək.
- Belə bir qəribə addımı atmağınıza nə səbəb oldu?
- Yaxşı toplanış keçmək üçün ölkə xaricinə yollanmaq vacibdir. Rəhbərlik də bizim təklifimizi qəbul etdi.
- Elə isə, futbolçular Türkiyə toplanışına getmək üçün nə qədər xərcə düşdü?
- Təxminən 450 manat.
- Ötən il Sumqayıtda hazırlıq keçmişdiniz. Yəqin ki, soyuq havada toplanış keçmək ürəyinizcə deyil...
- Əlbəttə, Türkiyədə hava daha yaxşı olur. Orada yaxşı sınaqçı-rəqiblər də tapmaq asandır. Fikrimcə, ölkə xaricində toplanış buradakından daha faydalı olacaq.
- Manatın devalvasiyası siz futbolçulara necə təsir göstərib?
- Bu ölkənin hər bir vətəndaşı kimi, bizi də az narahat etmir.
- Bu, futbolçular üçün hansı çətinliklər yaradır?
- Fikrimcə, nə qədər çətin olsa da, öhdəsindən gələcəyik. Ailəmizi dolandıra biləcəyik.
- Böhran futbolçularımızı ölkə xaricinə yollanmağa, legioner həyatı yaşamağa məcbur edə bilərmi?
- Yaxşı təklif olandan sonra hətta maliyyə vəziyyəti yaxşı olan dövrdə də xaricə yollanmaq olardı. Amma indi normal təklif yoxdur. Dəvət edənlər də Türkiyə PTT 1-ci liqasında çıxış edən klublardır. Həm də çağırırlar, dərhal güvənmirlər. Bununla bizim futbolçuların çox parlaq oyun sərgilədiyini iddia etmirəm. Sadəcə, fakt budur ki, bizim oyunçuları mütəmadi izləmirlər. Azərbaycanda kifayət qədər yaxşı futbolçular var ki, xaricdə oynaya bilərlər. Əsas problem onları dəvət edib, güvənməkdir. Bir oyuna çıxarıb, maksimum nəticə gözləmək düzgün deyil.
