Bülənt Qorxmaz: Martda Bakıya gəlib, maraqlandığım oyunçuları canlı izləyəcəyəm
Türkiyə Super Liqasında çıxış edən "Mersin İdmanyurdu" klubundan istefaya göndərilən Bülənt Qorxmazın azerisport.az saytına müsahibəsi
- "Mersin İdmanyurdun"dan istefanıza səbəb nə oldu?
- Bu barədə artıq danışmaq istəmirəm. Alınmadı. Qış transfer pəncərəsində bir qədər güclənməyin vacib olduğunu demişdim. Rəhbərlikdən maraqlandığım futbolçuların alınmasını istəmişdim. Lakin onlar bunu edə bilməyəcəyini bildirdi. Üstəlik, klubda ciddi maliyyə problemi var. Belədə davam etmək mümkün deyil.
- Maraqlandığınız futbolçular arasında azərbaycanlı oyunçular var idi - Qara Qarayevlə Tural Rzayev. Onlar barəsində kim məlumat vermişdi?
- Azərbaycan Premyer Liqasını izləyirəm. Sizin futbolla maraqlanıram. Qara "Qarabağ"ın futbolçusudur. Orada aşağı yaş qruplarında çalışmış dostlarım bu futbolçunu məsləhət görmüşdü. Özünü də izlədim və yaxşı futbolçu olduğunu deyə bilərəm. Tural isə nisbətən gənc futbolçudur. Amma onun da kluba lazım olduğunu demişdim. Təəssüf ki, məsələ artıq bağlanıb.
- Yəni transferlər alınmayacaq?
- Bu klubdan ayrılmışam. Bildiyimə görə, bu məsələ artıq aktual deyıl. Məlumatım azdır, ona görə dəqiq nə isə söyləmək çətindir.
- Bu futbolçular Super Liqada oynaya biləcək gücdədir?
- Qarayevi çox bəyənmişdim. Onu əsas heyətə cəlb etmək fikrindəydim. Super Liqada oynayacaq gücdədir. Potensialı var. Tural isə fərqlidir. Onun əvvəlcə komandayla məşq etməsini istəyirdim. Lazım olsa, əvəzedicilərdə oynayacaqdı, sonra isə əsas heyətdə olacaqdı. Tural üzərində çalışsa, yaxşı futbolçu ola bilər.
- Azərbaycandan maraqlandığınız futbolçular ancaq bunlardır, yoxsa?
- Hazırda heç bir klubda çalışmıram. Amma işləyəcəyim təqdirdə sizin futbolçuları dəvət etmək fikrindəyəm. 5-6 futbolçuyla maraqlanmışam. Əlbəttə, onlar dəvəti qəbul edərdi, ya yox, bunu bilmirəm. Qarayla Tural ilkin olaraq oynamağa razılıq vermişdi. Sonradan problem yarandı. Maraqlandığım futbolçularla gələcəkdə birgə işləməyim mümkündür.
- Azərbaycan Premyer Liqası haqda nə düşünürsünüz?
- Rəqabət bir qədər azalıb. "Bakı" klubunun olmaması üçün üzülürəm. "Qarabağ" çox yaxşı və səviyyəli futbol sərgiləyir. İddialılar azalıb, amma maraqlı oyunlar az olmur. Bütün matçları görmədiyim üçün daha dəqiq cavab verməkdə çətinlik çəkirəm.
- Gələcək planlarınız necə olacaq?
- Mart ayında bir neçə günlük Bakıda gəlməyi planlaşdırıram. Orada çempionat oyunlarını izləyəcəyəm. Maraqlandığım futbolçuları canlı izləmək istərdim. Hazırda istirahətdəyəm, mövsümün sonundə nə olacağını indidən demək çətindir.
