Elvin Yunuszadə: Ötən il mənim üçün də uğurlu oldu, komandam üçün də
"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə 2015-ci ili özü və komandası üçün dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, "Qarabağ" üçün il hər baxımdan uğurlu alındı. Komandamız bir sıra uğurlara imza atdı. Eyni tempdə də davam etməliyik. Qarşıda çempionat və kubok oyunları var. 2015-ci il mənim üçün də pis olmadı. "Qarabağ" kimi böyük kluba keçdim. İndi bu seçimimin düzgün olduğunu anlayıram. Ötən il mənim üçün ən yaddaqalan Avroliqada Belçika "Anderlext"inə qarşı keçirdiyimiz oyun oldu. Belçikalılara qalib gəlməyimiz çox sevindirici idi. Ən uğursuz görüşümüz isə Fransa "Monako"suna qarşı Bakıda keçirdiyimiz görüş oldu. Komandamız son tura qədər pley-offa çıxmaq şansını saxlayırdı. Elə bunun özü gələcək üçün yaxşı işarə sayıla bilər. Həm də bizim düşdüyümüz qrup ən çətinlərdən biri idi. Lakin biz layiqli mübarizə apardıq".
Yunuszadə manatın devalvasiyasının təsirindən də söz açıb: "Mənə elə gəlir ki, bu, həm xalqımıza, həm də komandalara təsirini göstərəcək. Allah eləsin ki, 2016-cı ildə maksimum nəticələrə imza ataq".
