Adrian Pit: XL 10 yox, 4-5 yaxşı futbolçu almalıdır
"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Adrian Pitin azerisport.az saytına müsahibəsi
- Azərbaycan futbolu ilə maraqlanırsınız?
- Əlbəttə. Azərbaycan futbolu barədə mətbuatda yazılan bütün xəbərləri oxuyuram. Azərbaycan mənim üçün doğmadır. Bu ölkəni unuda bilmərəm.
- "Xəzər Lənkəran"ın adı gələndə ən çox nə yadınıza düşür?
- İnanın ki, hər şeyi xatırlayıram. Bu klubda keçirdiyim xoş günləri unutmaq çətindir.
- Ən çox hansı oyun yadınızda qalıb?
- Lənkəranda "Neftçi"yə 2:1 hesabıyla qalib gəldiyimiz oyun. Unudulmaz bir gün idi. Həmin gün azarkeşlərin bizə verdiyi dəstəyi də unutmaq olmaz.
- Legionerləri "Xəzər Lənkəran"ı tərk edəndən sonra klub özünə gələ bilmir. Bu gün üçün klubun ciddi problemləri var...
- Fikrimcə, bu komandanın əsas problemi az qala hər yarım ildən bir heyəti dəyişməsidir. "Xəzər Lənkəran"a yeni nəfəs lazımdır. Sadəcə, 10 yox, 4-5 yaxşı transfer etmək lazımdır.
- Cənub klubundan ayrılarkən digər komandalarımızdan təklif almışdınız?
- Bəli, bir ara təkliflər var idi. Amma indi yoxdur.
- "Xəzər Lənkəran"da hansısa xoşagəlməz halla rastlaşmamışdınız?
- Neqativ halla rastlaşmamışam. Əksinə, "Xəzər Lənkəran"da çıxış etməklə böyük təcrübə topladım. Həm də indi nəinki Lənkəranda, həm də bütövlükdə Azərbaycanda xeyli dostum var. Hələ azarkeşlərin hər oyunda mənim adımı səsləndirməsini demirəm.
- "Xəzər Lənkəran" azarkeşlərinə nə deyərdiniz?
- Azərbaycanda ən yaxşı azarkeşlər "Xəzər Lənkəran"a məxsusdur. Fikrimcə, komandanın indiki durumu onların da ürəyincə deyil. Amma bu, futboldur, belə hallar qaçılmaz olur. Bunu dramatikləşdirmək lazım deyil. Hətta Avropanın böyük klubları da maliyyə problemləri ilə üzləşir. XL gənclərdən ibarət yeni komanda formalaşdırmaq istəyir. Onlara uğurlar arzulayıram. Məncə, bu klubun ən yaxşı dövrü Mirça Rednikin baş məşqçilik etdiyi vaxtlar idi. Çox yaxşı kollektivimiz var idi. Rednik yerli və əcnəbi futbolçulardan ibarət əla kollektiv formalaşdırmışdı. Stadion da həmişə dolu olurdu. Hətta səfər oyunlarında da stadiona toplaşan azarkeşlər arasında lənkəranlılar daha çox olurdu.
