Tural Rzayev: Türkiyəyə pula görə getmirəm
"Sumqayıt"ın hücumçusu Tural Rzayevin azerisport.az saytına müsahibəsi
- Türkiyənin "Mersin İdmanyurdu" sizi transfer etmək üçün klubunuza rəsmi müraciət ünvanlayıb. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, onlar doğrudan da "Sumqayıt"a müraciət ediblər. İlk növbədə klub rəhbərliyinə təşəkkürümü bildirirəm ki, mənim keçidim üçün hər bir şərait yaradırlar, heç bir problem yaratmırlar. Amma hələ yeni klubumla müqavilə imzalamamışam. Ona görə də bu barədə çox danışmaq istəməzdim.
- Türklər sizi çoxdan izləyirdilər?
- Bildiyimə görə, mənə hələ "Qarabağ"da olduğum dövrdən göz qoyurmuşlar. Lakin elə alındı ki, mən ağır zədə aldım, uzun müddət oynaya bilmədim. Sıraya qayıdanda isə "Qarabağ"da elə də çox oynamaq şansı qazana bilmirdim. Ona görə də məşqçilərdən məni başqa kluba buraxmalarını xahiş etdim. İndi də "Sumqayıt"dayam.
- Bu komandada çıxış etməyiniz sizə nə verdi?
- "Sumqayıt"a məni öz sıralarına dəvət etdiyinə görə minnətdaram. Demək olar ki, məni heç yoxlamadan sıralarına cəlb etdilər. O vaxt baş məşqçi Aqil Məmmədov idi. Şadam ki, mənə güvəndi. İndi isə Samir Abasovun rəhbərliyi altında çıxış edirik. "Sumqayıt" mənim üçün əla şərait yaradıb. Buraya həm də ona görə gəldim ki, "Sumqayıt" rəhbərliyi gənclərə daha çox şans verir. Burada keçirdiyim dörd ay özümü göstərmək üçün yetərli oldu və xarici klubdan təklfi aldım.
- "Mersin İdmanyurdu" sizinlə necə əlaqə saxladı?
- Klub rəsmiləri, komandanın baş məşqçisi Bülənt Qorxmaz daha çox menecerimlə danışırdı. Mən isə şəxsən Qorxmazla danışdım.
- Bu keçidə görə çoxmu həyəcanlısınız?
- Artıq Türkiyə klubundan təklif almağımın üstündən bir neçə gün keçib. Əlbəttə, həyəcan var. Amma bu, yaxşı həyəcandır. Bu keçid mənim üçün daha böyük stimul olacaq.
- Super Liqada son pillələrdə qərarlaşan komandalardan birinə keçməkdən qorxmursunuz?
- Xeyr. Bu baxımdan qorxum yoxdur. Komanda indi hansı vəziyyətdə olsa da, onların uğur qazanması üçün əlimdən gələni edəcəyəm. Həm də qarşıda yarım mövsüm var. Məsələn, "Sumqayıt" da mövsümün geridə qalan dövrünün əvvəlini pis keçirirdi, amma indi harada olduğuna baxın. Bir sözlə, hər şeyi yaxşıya doğru dəyişmək mümkündür. Həm də Super Liqada oynamağın özü nəyə desən dəyər.
- "Mersin İdmanyurdu"nun "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevlə də maraqlandığı məlumdur. İstisna deyil ki, orada komanda yoldaşı olasınız...
- Əlbəttə, bu, əla olardı. Fikrimcə, bu kluba birgə getməyimiz həm mənim, həm də onun üçün yaxşı olacaq. Belə olan halda yeni klubumuza uyğunlaşmaq baxımından da heç bir problemimiz olmaz.
- Bəs müqaviləyə imza atmağınız nə vaxta planlaşdırılır?
- Prinsipcə, sadəcə, müqaviləyə imza atmaq qalır. Yanvarın 4-də "Mersin İdmanyurdu"nda prezident seçkiləri olacaq. Bildiyimə görə, bu posta cəmi bir namizəd var - o da indiki prezidentdir. Bir sözlə, sadəcə, bunu gözləmək qalır.
- Sizin bu klubda özünüzü göstərməyiniz Azərbaycan yığmasına dəvət almağınıza da kömək edə bilər...
- Razıyam. Millinin indiki baş məşqçisi Robert Prosineçki elə bir şərait yaradıb ki, əsas yığmamızın qapısı hər kəsin üzünə açıqdır. Əminəm ki, yeni klubumda özümü yaxşı tərəfdən göstərə bilsəm, məni də yığmaya dəvət edəcəklər. Bu üzdən "Mersin İdmanyurdu"na keçməyin əla şans olduğunu anlayıram.
- Təəssüf ki, əcnəbi klublara keçən futbolçularımız çox duruş gətirə bilmirlər, çox vaxt yarım mövsümdən sonra geri qayıdırlar...
- Mənə də ağır olacağını bilirəm. Amma özümü psixoloji cəhətdən hazır hesab edirəm. Maliyyə tərəfinə gəlincə, mənim pul baxımından problemim olmayacaq. Mənim üçün indi pul önəmli deyil. "Mersin İdmanyurdu"na buna görə keçmirəm. Mən hələ gəncəm və futbola çox acam. Özümü göstərmək istəyirəm. Məşqçilər məni əsas komandaya cəlb edəcəklərini söyləyiblər. Ona görə də özümü yaxşı tərəfdən göstərməyə çalışacağam.
