Ansi Aqolli: 2015 karyeramda ən uğurlu ildir
"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi
- 2016-cı ilə harada və necə qarşılayacaqsınız?
- Yeni ildə Albaniyada olacağam. Daha sonra isə ailəmlə birgə Seyşelə yollanacağam. Yeni il tətilini də orada keçirəcəyik.
- Yeni ili nə vaxtsa Azərbaycanda qeyd etmisiniz?
- Xeyr. Məsələ burasındadır ki, komanda ilə birgə çox vaxt keçirirəm. Ona görə də tətil və bayramlarda ailəmin yanında olmağa çalışıram.
- 2015-ci il sizin üçün nə dərəcədə uğurlu oldu? Hansı hadisələr daha çox yaddaqalan oldu?
- Bəli, uğurlu il oldu. "Qarabağ"la qızıl dubla imza atdıq. Albaniya yığması ilə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandıq. Hətta deyərdim ki, 2015-ci il karyeramın ən yaxşı ilidir. Mənim üçün unudulmaz il kimi qalacaq.
- Azərbaycanlı azarkeşlər sizin İrəvanda Ermənistanla oyun öncəsi onlara salam göndərməyinizi tez-tez xatırlayır. Həmin anda nə düşünürdünüz?
- Mən Qarabağda baş verənlərdən, müharibədən xəbərdaram. "Qarabağ"da çoxdan çıxış edirəm və həmin hadisələrin azərbaycanlılar üçün necə böyük önəm daşıdığını gözəl anlayıram. Amma İrəvandakı həmin videonun hansısa təxribat xarakteri daşıdığını düşünmürəm. Sadəcə, azərbaycanlı dostlarıma, bütövlükdə Azərbaycan xalqına salam göndərdim.
- Azərbaycanda bu il də müxtəlif nominasiyalar üzrə mükafatlandırmalar oldu. Sizin də "Azərbaycanın dostu" titulu almağınız gündəmdə idi. İrəvandakı videodan sonra hansısa mükafat almağı gözləyirdinizmi?
- Əlbəttə ki, yox. Mən həmin videonu çəkməklə nəsə qazanmaq fikrində deyildim. Sadəcə, həmin anda belə bir istəyə düşdüm. İrəvana yenə yolum düşsə, bir daha azərbaycanlı dostlarıma oradan salam göndərərəm.
- Bir dəfə müsahibənizdə qeyd etmişdiniz ki, Quzanlıda hətta "Barselona"ya da qalib gələ bilərsiniz. Siz doğrudan da belə düşünürsünüz? Gələcəkdə yenidən Quzanlıda oynamaq istəyərdiniz?
- Ola bilər ki, "Barselona"ya qalib gələ bilməyək. Amma Quzanlıda oynayanda daha güclü oluruq. Orada çox gözəl atmosfer olur. Orada oynamışam. Kim bilir, bəlkə də biz yenidən orada oynamalı olduq.
- Sizcə, "Qarabağ"da yerli Santa Klaus rolunu kim oynaya bilər?
- Dəqiq deyə bilərəm ki, Maksim Medvedev. Ola bilsin ki, bu, onun xoşuna gəlməsin (gülür). Amma o, "Qarabağ"ın Santa Klausudur (gülür). Ümid edirəm ki, onun mənə də nəsə hədiyyəsi olar.
