29 dekabr 2015 14:40
Sumqayıt da Antalyaya gedir
"Sumqayıt"ın qış hazırlıq planları demək olar ki, müəyyənləşib. Azerisport.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda böyük ehtimalla Antalyada hazırlıq keçəcək.
Komanda yanvarın 5-də bir araya gələcək. Ayın 16-na qədər ölkəmizdə hazırlıq keçəcək sumqayıtlılar bu müddət ərzində üç yoxlama oyununda qüvvəsini sınayacaq. İlk iki oyun yanvarın 9-da AZAL və "Şərur"a qarşı olacaq. Ayın 13-dəki rəqibin kimliyinə isə hələlik, aydınlıq gəlməyib.
16-da isə komanda Antalyaya yollanacaq. Abasov komandasını qonşu ölkədə yanvarın 23-dək hazırlaşdıracaq. "Sumqayıt"ın Antalyada da üç yoxlama matçı keçirməsi nəzərdə tutulub. Rəqiblər dəqiqləşdirilir.
