Tolqa Şahin: Azərbaycan millisində çıxış etdiyim üçün Türkiyə yığması barədə düşünmürəm
Azərbaycanın U-19 yığmasının qapıçısı Tolqa Şahin bəyan edib ki, əsas milli komandamızda çıxış edəcəyinə ümidlidir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kikkers Offenbax" klubunda işlərim normaldır. Baş məşqçi Riko Smit mənə güvənir. Ümid edirəm ki, Almaniya Bundesliqasında çıxış edəcəyim gün də uzaqda deyil. Emil Balayevin "Ayntraxt"da olduğundan xəbərim var, amma onu görməmişəm. Hazırda bu komandanın əsas qapıçısı Lukas Xradeski çox yaxşı formadadır. Mənim hədəfim Azərbaycanın əsas yığma komandasının qapısını qorumaqdır. Bunu kim istəməz ki? Azərbycan yığmasında çıxış etdiyim üçün Türkiyə millisi barədə heç vaxt düşünməmişəm. Gənclərdən ibarət yığmalardakı çıxışımı başa vurandan sonra əsas milliyə dəvət alıb-almayacağım bəlli olacaq".
