Mehmet Ak: Qarabağ bu büdcə ilə ÇL-in qrupunda oynamalı idi
"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi Mehmet Ak azerisport.az saytına müsahibəsində Azərbaycan futbolundan danışıb, keçmiş komandalarının çıxışı barədə fikirlərini bölüşüb.
- Azərbaycandan ayrıldıqdan sonrakı işləriniz necə gedir?
- Əslində, Azərbaycanla ayrılıq olmayıb. Hazırda orada çalışmasam da, Azərbaycanla əlaqələrimə son qoymamışam. Biz tez-tez "TRT Avaz" kanalında Azərbaycan futboluna həsr olunmuş proqramlar hazırlayırıq. Azərbaycandan gedəndən sonra Türkiyənin bir neçə klubunda çalışdım. Allaha şükürlər olsun ki, uğursuzluğum olmayıb.
- Premyer Liqamızın səviyyəsinin aşağı düşdüyünə dair fikirlər var. Razısınız?
- Razıyam. Azərbaycan çempionatının səviyyəsi bir qədər aşağı düşüb.
- Bunun səbəbini nədə görürsünüz?
- "Neftçi", "Bakı", "Xəzər Lənkəran" və "İnter" kimi klublar hazırda ciddi maliyyə problemləri yaşayır. Vaxtilə "Qarabağ"da çalışanda klubun cəmi 2 milyon dollarlıq büdcəsi var idi. İndi isə Ağdam klubunun büdcəsi təxminən 25 milyon təşkil edir. Amma digər klublarınızda vəziyyət fərqlidir. Transferlər yetərli deyil. Aşağı yaş qrupları üzrə aparılan işin daha yüksək səviyyədə təşkilinə ehtiyac var. Klublarda yetişən gənc futbolçular demək olar ki, yox səviyyəsindədir. Bütün bunlar futbolunuzun inkişafına mənfi təsir göstərir.
- Sizcə, "Qarabağ"ın pley-offa çıxa bilməməsi Premyer Liqamızın səviyyəsinin aşağı düşməsindən irəli gəlmir ki?
- Prinsipcə, bu, problem deyil. Avropada zəif çempionatlarda çıxış edən çoxlu komanda var, amma qitə arenasında uğurlu çıxış edirlər. Amma "Qarabağ" üçün xərclənən pulla qrupdan çıxmaq lazım idi. Hətta deyərdim ki, komanda Çempionlar Liqasının qrup mərhələsinə düşməli, oradan çıxmalı idi. Avroliqada hər il qrup mərhələsinə vəsiqə qazanmaq çətin deyil. "Qarabağ"ın artıq öz sistemi var.
- "Qarabağ" hazırda liderdir. Sizcə, komanda yenə çempion ola biləcək?
- "Qəbələ" bu komandaya problem yarada bilər. Amma bu, çox inandırıcı görünmür.
- Qurban Qurbanovla söhbətləşirsiniz?
- Ancaq görüşlərdə. Xüsusi olaraq tez-tez zəngləşmirik, görüş təyin etmirik.
- "Neftçi"də baş verənləri izləyirsiniz?
- Mənim fikrimcə, Əsgər Abdullayev Azərbaycan futbolunu çox yaxşı tanıyır. Onun kifayət qədər təcrübəsi var. Amma komandada problemlər var. Bu da maliyyə ilə bağlıdır. Klub büdcə problemini yoluna qoysa, vəziyyət yaxşılaşa bilər.
- Yəqin bu klubun Emil Mpenzaya 800 000 dollar borcunun olduğunu bilirsiniz. "Neftçi" bu pulu ödəməsə, hətta Premyer Liqadan da uzaqlaşdırıla bilər...
- Bu, "Neftçi" üçün böyük faciə olar.
- Azərbaycan futbolunu yaxından izləyirsinizsə, yəqin ki, bu il üçün ən yaxşı futbolçunun kim olduğunu demək çətin olmaz...
- Dəqiq söz demək bir qədər çətindir. Amma Qara Qarayevi, Maksim Medvedevi, Rahid Əmirquliyevi fərqləndirmək olar.
- Azərbaycanlı futbolçuların hətta Türkiyə PTT 1-ci liqasında da duruş gətirə bilməməsini nə ilə əlaqələndirərdiniz?
- Bunun çoxlu səbəbi var. Burada həm maliyyə, həm də intizam amili var. Türkiyədə maaş sistemi yoxdur. Oynayırsansa, pul qazanırsan. Oynamasan, pul da yoxdur.
- Bütün bunlar bizim suallar idi. Bəs siz özünüz nə isə əlavə etmək istəyirsiniz?
- Mən "Neftçi" və "Qarabağ"da ədalətsizliklə üzləşdiyimi düşünürəm. Amma futbolda belə hallar olur. Bütövlükdə Azərbaycana yeni ildə uğurlar arzulayıram. Yaxın gələcəkdə Azərbaycan futbolunun uğur qazanmasını istəyirəm.
