Bəhmən Həsənov: Maliyyə böhranı Rəvana da təsirsiz ötüşmür
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənovun azerisport.az saytına müsahibəsi
- "Rəvan"ın qış hazırlıq planlarını müəyyənləşdirmisiniz?
- Yanvarın 5-də fasilə başa çatacaq və komandamız mövsümün qalan dövrünün hazırlığına başlayacağıq. Ayın 10, 17 və 23-də yoxlama oyunları keçirməyi planlaşdırırıq.
- Ölkə xaricinə getmək fikriniz yoxdur?
- Yanvarın 12-də Türkiyəyə getməyi planlaşdırmışdıq. Amma hazırda bu məsələ sual altındadır. Bildiyiniz kimi, manatın devalvasiyasından sonra ölkədə vəziyyət bir qədər dəyişib.
- Deməli, devalvasiya "Rəvan"a da təsir göstərib?
- Hələ ki, bunu hiss etmirik. Büdcəmiz onsuz da kiçik idi. Amma təbii ki, zaman keçdikcə böhranın təsirini biz də hiss edəcəyik.
- Böhran komandanın qarşıdakı hazırlığına nə dərəcədə təsir göstərəcək?
- Türkiyəyə gedib-getməyəcəyimiz hələ ki, dəqiqləşməyib. Fikrimcə, Antalyaya gedə bilməsək, ölkədə də yaxşı hazırlıq keçməyimiz mümkündür. İlk hazırlıq prosesini Salyanda həyata keçirmək fikrimiz var. Sonradan Bakıya qayıdacağıq. Səhv etmirəmsə, AFFA bu qış ölkə ərazisində hazırlıq keçəcək komandalar üçün turnir təşkil etməyi planlaşdırır. "Neftçi"nin də ölkədə qalması gözlənilir. Belə olan halda, turnirin güclü heyətlə keçirilməsi istisna deyil.
- Heyəti necə gücləndirməyi düşünürsünüz? Gedənlər olacaqmı?
- Bizdə kim var ki, hələ göndərək də? (gülür) Heyəti üç legioner futbolçu ilə gücləndirməyi düşünürük. İki yerli futbolçu almaq fikrimiz də var.
- Əcnəbi futbolçular kimlərdir?
- Mənə Serbiya, Bosniya və Herseqovina, Portuqaliya, Braziliya və İrandan 6-7 futbolçu təklif olunub. Onların arasında seçim aparıram. Bizə komandanın hücum potensialını yaxşılaşdırmaq lazımdır.
- Bəs yerli bazarda vəziyyət necədir?
- Burada da vəziyyət asan deyil. Əksər futbolçuların müqaviləsi var. "Xəzər Lənkəran"dan ayrılan Rahid Əmirquliyevlə Sadio Tounkara bizə təklif olundu. Mən də onları komandamda görməyi çox istəyərdim. Amma reallıq fərqlidir. Biz bu səviyyədə futbolçuları alacaq gücdə deyilik. Axtarışlarımız isə davam edir.
