Rihayro: Zirədə niyə az oynadığımın səbəbini bilmirəm
"Zirə"nin hücumçusu Rihayronun azerisport.az saytına müsahibəsi
- Komandaya ən tez gələn futbolçulardan biri olsanız da, Nelson Bonilyanın transferindən sonra əsas heyətdə az görünürsünüz. Bu, nə ilə bağlıdır?
- Düzünü deyim ki, bilmirəm. Bunu komandanın baş məşqçisindən soruşmaq lazımdır. Bonilya hələ Rumıniyada çıxış etdiyimiz dövrdən tanışam. Ən yaxın dostlarımdan biridir. Ampluaca o, forvard, mən vingerəm. Ona görə də baş məşqçinin mənə niyə az oynamaq imkanı yaratdığının səbəbini bilmirəm.
- Yeni yaranmış, Premyer Liqada debüt edən bir komandadan belə uğurlu çıxış gözləyirdiniz?
- "Zirə"nin yeni yaranan komanda olduğunu bilirdim. Elitada debüt mövsümümüzü keçiririk. Turnir cədvəlinin üst pillələrində yer almağımız isə çəkdiyimiz zəhmətin bəhrəsidir. 2015-ci ilin əvvəlində birinci divizionda çıxış edən komandanın indi Premyer Liqada ilk üçlükdə qərarlaşması böyük uğurdur.
- "Zirə" qış fasiləsindən sonra lider "Qarabağ"a müqavimət göstərə biləcək?
- Bircə şeyə əminəm ki, qış fasiləsindən sonra klublar arasında daha gərgin mübarizə gedəcək. Bizə də liderlər qrupundakı mövqeyimizi qorumaq çətin olacaq. Mümkündür ki, rəqiblərimiz sıralarını yaxşı oyunçularla gücləndirsinlər. Belədə, istənilən komandanın daha iddialı olması mümkündür.
- Əvvəlki klublarınızın aparıcı üzvlərindən olsanız da, "Zirə"də daha çox ehtiyatda qalırsınız. Bunu nəzərə alsaq, iş yerinizi dəyişmək barədə düşünmürsünüz?
- Hələ ki, bu barədə heç nə deyə bilmərəm. Siz haqlısınız ki, əvvəlki klublarımda hər oyunda meydana çıxmışam. "Zirə"də isə elə deyil. Hər halda, baş məşqçi daha yaxşı bilir.
- Geridə qalan yarım il ərzində yerli və legioner futbolçular arasında hansıları fərqləndirərdiniz?
- Mən ki, skaut yox, futbolçuyam. Azərbaycandakı hər bir oyunu izləmirəm.
- Komandanızın ili AZAL-a məğlubiyyətlə (0:1) başa vurmasını necə qarşıladınız?
- Start fitindən sonadək hücum etməyə çalışdıq. Amma hiss olunurdu ki, AZAL qələbəni daha çox istəyir. Onlar hər oyunda sonadək mübarizə aparırlar. Yaxşı müdafiə olunurlar. Bütün cəhdlərimizə baxmayaraq, hesabı bərabərləşdirə bilmədik.
