Əsgər Abdullayev: Neftçinin maliyyə problemlərini mən həll etmirəm
"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayevin azerisport.az saytına müsahibəsi
- Müşahidə Şurasının sizi postunuzda saxlayacağını gözləyirdiniz?
- Müşahidə Şurasına başda Çingiz Abdullayev başqa olmaqla təşəkkürümü bildirirəm ki, mənə belə etimad göstərdilər. Onların bu etimadını öz işimlə doğrultmağa çalışacağam. Bunu gözləyib-gözləməməyim isə artıq vacib deyil.
- Manatın devalvasiyası sizin xeyrinizə işlədi. Çünki klub əcnəbi mütəxəssis dəvət etməyə hazırlaşsa da, xərclərin çox olacağından ehtiyatlanıb, yerli məşqçiylə çalışmağa davam qərarı verdi...
- Bu barədə danışmaq istəmirəm. Bu sualın mənə aidiyyatı yoxdur. Bundan sonra mən ancaq necə nəticə qazanmaq barədə düşünməliyəm.
- Bunun üçün heyəti gücləndirmək lazımdır. İndiki vəziyyəti nəzərə alsaq, bu, sizdə nə dərəcədə alınacaq?
- Mən "Neftçi"nin maliyyə problemlərini həll etmirəm. Şübhəsiz ki, komandaya həm yeni legionerlər, həm də yerli futbolçular cəlb olunacaq. Amma onlar oyun və xarakter baxımından bizə uyğun olmalıdırlar.
- Mixal Peskoviçlə Məhəmməd Qurbanovun komandanı tərk etməsi dəqiqləşib?
- Yaxın günlərdə komandadan kimlərin gedəcəyini rəsmi olaraq açıqlayacağıq.
- Sizin qısa vaxt ərzində sabit çıxış edən komanda formalaşdıra bilməyiniz bu postda qalmağınızda az rol oynamadı. Bu sabitliyi saxlaya biləcəksiniz?
- Mən komandaya rəhbərlik etməyə başlayanda əhval-ruhiyyə yaxşı deyildi. İnamsızlıq var idi. Mən qısa vaxt ərzində vəziyyəti düzəltməyə, oyun sistemində dəyişiklik etməyə çalışdım. Şadam ki, inkişafa nail oldum.
- Amma komandanız fasiləyə 6-cı pillədə yollandı...
- Əsas odur ki, komanda düzgün yoldadır. Biz turnir cədvəlində irəliləmək istəyirik. İnanıram ki, və çox istəyirəm ki, avrokuboklara vəsiqə qazanaq. Bunun üçün iki yolumuz var - biri Premyer Liqadan, digəri kubokdan. Futbolda isə hər bir oyunun üç cür nəticəsi olur. Mənim istəyim isə ondan ibarətdir ki, hətta uduzanda da komandam yaxşı futbol sərgiləsin.
- "Neftçi" avrokuboklara vəsiqə qazansa, PRO kateqoriyanızın yoxluğu sizə problem yaradacaq...
- Öncə komandanı oraya aparıb çıxarmaq lazımdır. Mənim o vaxt komandada olub-olmayacağım isə ikinci dərəcəli məsələdir. Belə bir klub avrokuboklardan kənarda qalmamalıdır. Amma təbii ki, gələcəkdə çalışıb PRO lisenziyasını da almalıyam.
