Ruslan Əmircanov: Qəbələ mənə olan borcunu ödəmir
"Qəbələ"nin sabiq müdafiəçisi, hazırda "İnter"ə məxsus olan Ruslan Əmircanov bəyan edib ki, əvvəlki klubunun ona borcu var. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" mənə beş ayın pulunu verməyib. Bu vaxta qədər gözləyirdim. Avropa Liqasında çıxış etdiklərinə görə, tələb etmək istəmirdim. Artıq vəkil tutmuşam. Kluba da, AFFA-ya da müraciət etmişəm. Bu məsələ ilə bağlı FİFA-ya şikayət etmək istəmirəm. Çünki klubun imicinə xələl gəlməsini istəməzdim. Yaxşı oladı ki, bunu elə ölkə içində həll edək. Amma belə alınmasa, ona da məcbur olacağam. Zədə aldıqdan sonra həkimlərin mənə səhv diaqnoz qoymasında, buna görə məşq edib, vəziyyətimi daha da ağırlaşdırmaqda mən günahkar deyiləm ki. Düzdür, məni klubun hesabına İtaliyaya göndərdilər. Buna görə onlara minnətdaram. Amma İtaliyada həmin zədə ilə məşq etdiyimi öyrənəndə çox təəccübləndilər".
"Yayda kluba qayıdanda mənə bildirdilər ki, müqaviləyə xitam vermək istəyirlər. Bunu da onunla əlaqələndirdilər ki, məni çox gözləyiblər. Mən vaxt istəsəm də, belə bir şans tanımadılar. Halbuki, komandada qalmaq istəyirdim. Onlarsa məni zədəmi bəhanə etməkdə günahlandırdılar. Mənim nəyimə lazım idi ki bu? Belə bir yaxşı komandada oynamağı kim istəməzdi? Axı öz düşmənim deyiləm".
"Qəbələ" tərəfi isə Əmircanovun iddialarını təkzib etdi. Klubun baş meneceri Zaur Əzizovu dinləyək: "Futbolçu bu məsələ ilə bağlı bizim mövqeyimizi gözəl bilir. Biz hər şeyi həkim diaqnozuna, klubun intizam kodekslərinə uyğun etmişik. Bu barədə əlavə danışılası heç nə yoxdur. AFFA və ya başqa bir qurumdan bizə sorğu gəlsə, ona lazımlı formada cavab verəcəyik. Klub futbolçu qarşısında müqavilə ilə bütün öhdəliklərini yerinə yetirib. Ruslana heç bir borcumuz yoxdur".
