Rəşad Qasımov: Əsas hədəf UEFA-nın məlum sanksiyasından qaçmaqdır
"İnter"in yeni prezidenti Rəşad Qasımov bu təyinatı və klubun gələcək planları barədə açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Rəhbərlik dəyişəndən sonra klubda ciddi islahatların aparılması gözlənilmir. Komanda mövsümün ilk yarısında uğurlu çıxış edib. Ümid edirik ki, bu tempdə də davam edəcəyik. 16 futbolçunun müqavilə müddəti başa çatır? Bu məsələni yoluna qoymağa çalışacağıq".
"Mən bu klubu çoxdan tanıyırdım. Amma burada işləməyə indi başlamışam. İşə tam alışmağım üçün vaxt lazımdır. Hələ ki, oyunçular və məşqçilərlə bağlı heç bir qərar qəbul olunmayıb".
Qasımovun sözlərinə görə, hazırda əsas hədəfləri klubun UEFA-nın mümkün sanksiyasından yaxa qurtarmasına nail olmaqdır: "Biz öncə sanksiya məsələsini yoluna qoymalıyıq. Yanvarın sonunadək borcların hamısını ödəyə bilməsək, UEFA-nın məlum sanksiyası qüvvəyə minəcək. Klubun belə bir problemlə üzləşməməsi üçün əlimizdən gələni edəcəyik".
Qasımov prezident postunda əvəzlədiyi Georgi Nikolov barədə də fikirlərini bölüşüb: "Bir-birimizə can sağlığı, uğurlar arzuladıq. Onun ölkədən çıxmasına qoyulan qadağa barədə isə heç bir məlumatım yoxdur".
